UKRAYNADA KOREYA MODELİ?- Ekspert ABŞ və Avropa İttifaqının planını açıqladı
Hərbi analitik Aqil Rüstəmzadə ABŞ, Ukrayna və Avropa İttifaqı ölkələri arasında Ukraynada demilitarizasiya olunmuş bufer zonanın yaradılması ilə bağlı gedən müzakirələri şərh edib.
Ekspert bildirib ki, söhbət Koreya yarımadasında illərdir mövcud olan DMZ modelinə bənzər mexanizmdən gedir: “Plan sərhəd boyunca beynəlxalq qüvvələrin yerləşdirilməsini, ABŞ-nin isə daimi hərbi bazalar olmadan yalnız logistika, hava hücumundan müdafiə və yüksək texnologiyalar sahəsində dəstəyini nəzərdə tutur. Burada xüsusi vurğulanmalı məqam Palantir sistemidir – peyklər, dronlar və süni intellekt vasitəsilə qoşunların koordinasiyası aparılacaq”.

Ekspertin sözlərinə görə, bu təşəbbüsün əsas məqsədi Rusiya ilə NATO arasında birbaşa qarşıdurmadan yayınmaqdır: “Əgər plan reallaşarsa, NATO-nun genişlənməsi gündəmdən çıxarıla bilər və Moskva ilə gərginlik müəyyən qədər azalacaq. Amma unutmamalıyıq ki, bu, həm də ciddi risklər ehtiva edir.
Birincisi, Moskvanın bufer zonanın statusu ilə bağlı mövqeyi aydın deyil.
İkincisi, beynəlxalq qüvvələrin neytrallığı sual altına düşə bilər.
Üçüncüsü, bu mexanizm uzunmüddətli perspektivdə Ukraynada “dondurulmuş münaqişə” yarada bilər”.
Rüstəmzadə əlavə edib ki, bu planla yanaşı, Qərb Ukraynaya hərbi dəstəyin gücləndirilməsini də müzakirə edir: “Hazırda yeni silah tədarükü, Ukrayna ordusunun hazırlığı, hava hücumundan müdafiə imkanlarının artırılması gündəmdədir. Bundan başqa, Rusiyanın hər hansı yeni aqressiyası halında sanksiyaların sərtləşdirilməsi və kollektiv müdafiə təminatları – NATO-nun 5-ci maddəsinə bənzər mexanizmlər də müzakirə olunur”.
Hərbi analitik vurğulayıb ki, ümumi məqsəd Ukraynanı dəstəkləmək olsa da, Qərb Moskva ilə açıq eskalasiyadan yayınmaq üçün balanslı siyasət yürütməyə çalışır.
Press-fakt