Putindən qalmaqallı çıxış: Bu torpaqları OSMANLI İMPERİYASINDAN ALMIŞIQ
Son vaxtlar Rusiya-Ukrayna müharibəsində ərazi bütövlüyü ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Rusiya 2022-ci ildə ilhaq etdiyi Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri üzərində nəzarəti gücləndirməyə çalışır. Ukrayna isə bu bölgələri öz ərazisi kimi tanımağa davam edərək onları geri almaqda qərarlıdır.
Beynəlxalq ictimaiyyətin əksəriyyəti Rusiyanın ilhaqlarını tanımır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.
Bu hadisələrin gedişatında Rusiya prezidenti Vladimir Putinin üç il əvvəl Ukrayna ilə bağlı verdiyi açıqlama gündəmə gəlib:
“Ukrayna sadəcə qonşu ölkə deyil, tariximizin, mədəniyyətimizin və mənəvi davamlılığımızın ayrılmaz hissəsidir. Müasir Ukraynanı bolşevik Rusiyası yaradıb. Onun memarı Lenindir. 18-ci əsrdə Osmanlı İmperiyası ilə müharibələr nəticəsində Rusiyaya birləşdirilən Qara dəniz bölgəsi “Yeni Rusiya” adlanırdı. İndi Kiyevdəkilər bunu unutmağa çalışırlar. Halbuki, Rusiya İmperiyasının komandirlərinin səyləri olmasaydı, müasir Ukraynanın bu qədər böyük şəhərləri, hətta Qara dənizə çıxışı olmazdı”.
Putin həmçinin Ukraynanın NATO-ya üzvlüyünü Rusiyanın təhlükəsizliyi üçün birbaşa təhdid adlandırıb. Putinin bu bəyanatları ekspertlər tərəfindən onun xüsusilə Krım və Ukraynanın cənubunda suverenlik müzakirələri üçün tarixi zəmin yaratmağa çalışması kimi şərh edilib./publika.az