Kreml “təhlükəsizlik zəmanəti” verəcəkmi?- Lavrov ABŞ-Rusiya danışıqlarını məhv edib
Rusiyanın iştirakı olmadan Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinin Kreml tərəfindən rədd ediləcəyini deyən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu bəyanatı ABŞ-Rusiya danışıqlarını faktiki olaraq məhv edib.
“Bloomberg” nəşri bunu vəziyyətlə tanış olan nüfuzlu Avropa rəsmisinə istinadla yazıb.
Mənbə bildirib ki, Kreml indi Ağ Evi təhlükəsizlik zəmanətlərindən imtina etməyə, Rusiya-Ukrayna görüşünün səviyyəsini ölkə prezidentlərindən aşağı rütbəli məmurlara endirməyə və yeni sanksiyalardan imtinaya inandıra bilər.
Bir sıra yüksək səviyyəli avropalı rəsmilər və diplomatlar Lavrovun bəyanatlarını prosesi uzatmaq cəhdi kimi qiymətləndirir və Putinin razılaşmaya hazır olduğuna şübhə ilə yanaşır.
Qeyd edək ki, Sergey Lavrov bir gün əvvəl Alyaska sammitindən sonra “Avropa ölkələrinin Zelenskinin ardınca Vaşinqtona getdiklərini” və orada “gündəmlərini təbliğ etməyə” çalışdıqlarını, bunun da “təhlükəsizlik zəmanətlərinin Rusiyanı təcrid etmək məntiqi üzərində qurulmasını təmin etmək” məqsədi daşıdığını söyləyib. Sonra da əlavə edib ki, Rusiya bütün bunları, o cümlədən, onun iştirakı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilməsini tamamilə rədd edir. Kremlin qüsurlu və gülünc məntiqinə görə, işğalçı Rusiyanın özü Ukraynaya təhlükəsizlik zəmanəti verənlər sırasında olmalıdır…
Lavrovun sözlərinə görə, Rusiya “kollektiv təhlükəsizlik məsələlərinin” onsuz həll olunmasının təklif edilməsi ilə razılaşa bilməz. O, 2022-ci ilin yazında İstanbulda keçirilən danışıqları bir daha xatırladıb və bildirib ki, Rusiya o zaman təklif edilən təhlükəsizlik zəmanətlərinin kollektiv şəkildə təmin edilməsi prinsipini “bu gün də tamamilə təbii və aktual” hesab edir.
Qeyd edək ki, Ukrayna üçün təhlükəsizlik təminatları Donald Trampın avqustun 18-də Volodimir Zelenski və Avropa liderləri ilə görüşdüyü Ağ Evdə əsas müzakirə mövzularından biri olub. Görüşdən sonra Tramp Ukrayna üçün zəmanətlərin ABŞ ilə koordinasiyalı şəkildə müxtəlif Avropa ölkələri tərəfindən veriləcəyini deyib, lakin Amerikanın bunda hansı rol oynayacağını açıqlamayıb. Avropa ölkələri də öz növbəsində Ukraynaya hərbi kontingent yerləşdirilməsi məsələsini müzakirə edir, lakin hələlik bu məsələdə onların arasında birlik yoxdur, baxmayaraq ki, Fransa və Böyük Britaniya qoşun göndərməyə hazır olduqlarını bəyan ediblər.
Moskva isə dəfələrlə qeyd edib ki, Ukraynada xarici qoşunların olması Rusiya üçün “tamamilə qəbuledilməzdir”.
Göründüyü kimi, bütünlükdə sülh prosesi kimi, Ukraynaya gələcək təhlükəsizlik təminatı məsələsi də Kremlin ucbatından dalana dirənib.
Press-fakt