“SADƏLÖVH OLMAYAQ - QAPIMIZDA BİR ADAMYEYƏN DURUR”- Makron
İbrahim Nəbioğlunun təqdimatında
Fransa prezidenti Makronun TF1 kanalına müsahibəsindən bir bölüm:
"...Bunu hazırkı vəziyyətə və daşıdığım məsuliyyətə əsaslanaraq deyirəm - bütün həmkarlarıma və tərəfdaşlarıma dərin hörmətimlə. Amma bir həqiqət açıqdır: 2007–2008-ci illərdən etibarən prezident Putin çox nadir hallarda verdiyi vədlərə əməl edib. Rusiya daim destabilizasiya edən bir güc kimi davranıb və öz hakimiyyətini möhkəmləndirmək naminə sərhədləri dəyişməyə çalışıb.
Siyasi sistem illərlə sovet rejimindən miras qalmış dərin ənənəyə söykənərək bu məntiqdə yaşadıqda və bu qədər qurban verdikdə, artıq geri addım atmaq demək olar ki, mümkünsüz olur. Ona görə də bu gün Rusiya davamlı destabilizasiya faktorudur, çoxlarımız üçün uzunmüddətli təhlükədir. Və son illərdə etdiyi o nəhəng hərbi yatırımlar bir anın içində yoxa çıxmayacaq.
Büdcəsinin 40%-ni silahlanmaya sərf edən, 1,3 milyon nəfərdən artıq ordunu səfərbər edən bir ölkə birdən-birə sülhpərvər və demokratik olmayacaq. Gəlin, sadəlövh olmayaq. Onun yaşamaq üçün yeni ov axtarması lazımdır. Bu, yırtıcıdır, bu, həqiqi bir adamyeyəndir və bizim qapımızdadır.
Mən demirəm ki, sabah məhz Fransaya hücum edəcəklər. Amma bu təhlükə bütün avropalıların başı üzərindədir. Buna göz yummaq isə - özümüzü aldatmaq deməkdir. Mən bunu rus xalqına, bu ölkəyə, onun böyük tarixinə və ənənələrinə ən dərin hörmətimlə söyləyirəm, amma reallıq budur: Rusiya hamımız üçün təhdiddir."
Press-fakt
Oxunub: 38
Xəbəri paylaş
Paylaş: