RUSİYADAN ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQ - Paşinyan seçim qarşısındadır
“Paşinyan seçim qarşısındadır: ya Ermənistan Avrasiya İqtisadi İttifaqı(Aİİ) təşkilatını özü tərk edəcək, ya da öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi halda, sanksiyalar və sonradan ittifaqdan kənarlaşdırılma riski ilə üzləşəcək”.
Bunu yazan Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbələrə istinadla qeyd edib ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk avqustun 20-də Ermənistana səfəri zamanı Baş nazir Nikol Paşinyanla “sərt söhbət” edib.
Nəşrə görə, Tehran kimi Moskva da Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı İrəvanın təminatlarına inanmır: “Paşinyana deyiblər ki, Ermənistan gömrük orqanları yeni nəqliyyat marşrutlarına nəzarəti təmin etməsələr, ölkə Aİİ çərçivəsində ciddi problemlərlə üzləşə bilər”.
Nəşrin məlumatına görə, söhbət Zəngəzur dəhlizindən gedir. Məlum olduğu kimi, ABŞ bu yolu 99 il müddətinə icarəyə götürmək hüququ alıb. Rusiya isə digər irtica rejimli İran kimi bu dəhlizin öz nəzarətində olmamasından olduqca narazıdır və buna görə, Ermənistan hökumətini təhdid etməklə məşğuldur. Bəhanə də odur ki, İrəvan dəhlizə gömrük və digər nəzarət funksiyalarını yerinə yetirməsə, bu, Aİİ-nin fundamental prinsiplərinin pozulması olacaq. Bu da nəticədə İrəvanın Aİİ-dən qovulması ilə nəticələnəcək.
Bəs Ermənistan özü KTMT kimi Aİİ-dən də imtina edə bilərmi? Bu çətin sualın cavabı açıq qalır.
C.Məmmədli