Rəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz /FOTO
1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da eyni iş üzrə cinayət məsuliyyətinə cəlb olunub.
Məlumata görə, F.Əmiraslanov xüsusilə böyük məbləğdə mənimsəmə ittihamı ilə üzləşir. İş adamı təqsirləndirilən şəxs kimi istintaqa cəlb olunsa da, hələlik həbs edilməyib. Onun barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib və istintaq bitənədək ölkədən çıxışı qadağandır. Bu məlumatı onun vəkili Ramal Şahmarov da təsdiqləyib.

Cinayət işi Sabunçu Rayon Polis İdarəsində aparılır. Rəqsanə İsmayılova və Fazil Əmiraslanov Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə böyük məbləğdə dələduzluq) ilə ittiham olunublar. Zərər ödənilmədiyi halda, bu maddə üzrə təqsirləndirilən şəxs 10–14 il müddətinə azadlıqdan məhrum edilə bilər./qafqazinfo