TÜRKİYƏNİ BU SİSTEM QORUYACAQ - "Polad Qübbə"nin görüntüləri paylaşıldı /VİDEO

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “Polad Qübbə” adlı Hava Hücumundan Müdafiə Sistemlərinin görüntülərini paylaşıb.
Qurumun sosial media hesabında yayımlanan açıqlamada vurğulanıb ki, quru, dəniz, hava və kosmos sahələrində əldə edilən milli uğurlar həm ölkənin təhlükəsizliyinin təminatı, həm də Türkiyənin qlobal gücünün möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Paylaşımda qeyd olunub ki, Türkiyə müdafiə sənayesində tarixi bir dönüşüm həyata keçirib. Bir zamanlar xaricdən asılı olduğu sahələrdə bu gün öz texnologiyasını istehsal edən, inkişaf etdirən və ixrac edən ölkə mövqeyinə yüksəlib.
Açıqlamada əlavə olunub: “Quru, dəniz, hava və kosmos sahəsindəki milli uğurlar təhlükəsizliyimizin təminatı olmaqla yanaşı, Türkiyənin qlobal miqyasda gücünü də möhkəmləndirir. Bu uğurlar isə ölkənin müdafiə sənayesində atdığı addımların və Milli Texnologiya Hərəkatının ən önəmli nümunələrindən biri olan Polad Qübbə ilə taclanır".
Qeyd edək ki, “Dəmir Qübbə” İsrailin istehsal etdiyi qısa məsafəli hava hücumundan müdafiə sistemidir. İlk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirilib. Bu sistem 70 kilometrə qədər məsafədən atılan qısa məsafəli raket hücumlarından və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.
Türkiyənin tətbiq etdiyi “Polad Qübbə” isə istənilən məsafədən atılan raket hücumlarını və artilleriya atəşini dəf emək imkanına malikdir.
Bildirək ki, sistem bir vilayət və ya şəhəri deyil, bütün Türkiyənin hava məkanını qoruyacağı üçün “Polad Qübbə” adı verilib.
Press-fakt