Avropa hərbçiləri Ukraynaya yerləşdirilə bilər - AK-nın rəhbəri AÇIQLADI
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa ölkələrinin Rusiya ilə müharibənin başa çatmasından sonra Ukraynaya hərbi qüvvələr göndərmək planları üzərində işlədiyini açıqlayıb.
O bu barədə "Financial Times"-a verdiyi müsahibədə bildirib.
Fon der Lyayenin sözlərinə görə, bu addım Ukraynaya təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi nəzərdə tutulur. Avropa ölkələri bu prosesdə ABŞ-ın dəstəyinə arxalanır.
“Hər bir ölkə Ukraynaya qoşun göndərilməsi barədə qərarı müstəqil şəkildə verəcək, lakin məncə, bu mümkün missiya artıq real konturlar almaqdadır”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin Ukraynaya göndərilməsini istisna etsə də, Avropaya təhlükəsizlik zəmanətlərində dəstək verməyə hazır olduğunu vurğulayıb.
Fon der Lyayen həmçinin bildirib ki, ABŞ və Avropa dövlətləri arasında bu məsələ ilə bağlı müzakirələr “çox yaxşı” gedir. Onun sözlərinə görə, Tramp Avropa ölkələrinin Ukraynada hərbi mövcudluğunu dəstəklədiyini bəyan edib.
Gözlənilir ki, yaxın günlərdə Parisdə Böyük Britaniya, Fransa və Almaniya liderləri, həmçinin Aİ və NATO rəhbərlərinin iştirakı ilə təhlükəsizlik zəmanətləri məsələsinə dair görüş keçiriləcək.
Almaniyanın kansleri Fridrix Mers isə ZDF kanalına verdiyi müsahibədə bildirib ki, hazırda müttəfiqlər üçün əsas məsələ Ukrayna ordusuna dəstəyin davam etdirilməsidir. Onun sözlərinə görə, Almaniya qoşunlarının Ukraynaya göndərilməsi hal-hazırda müzakirə mövzusu deyil.
“Heç kim indi Ukraynada quru qoşunlarından danışmır. Hər hansı bir hərbi qüvvənin xaricə göndərilməsi üçün Bundestaqın razılığı tələb olunur”, – deyə Mers bildirib.
Mers əlavə edib ki, ABŞ administrasiyası atəşkəsə nail olmaq üçün səylər göstərsə də, münaqişənin yaxın vaxtlarda sona çatacağına dair real əsas yoxdur. Onun fikrincə, Ukrayna yalnız kapitulyasiya edərsə müharibə tez sona çata bilər, lakin bu, “qəbulolunmaz variantdır”.
Kreml isə dəfələrlə bəyan edib ki, Ukraynaya xarici hərbi kontingentin yerləşdirilməsi Moskva üçün qəbuledilməzdir və bu, Rusiya üçün “qırmızı xətt” hesab olunur.
Press-fakt