DİQQƏT! Sənədləşmə prosesində bu evlərə SƏNƏD VERİLMƏYƏCƏK
“Sənədləşmələrlə bağlı Cənab Prezidentin də fərmanında dəyişiklik oldu. Bir çox hallar var ki, torpaq sahələri 2001-ci ilə qədər rayon icra hakimiyyətləri, ondan əvvəlki dövrdə bağlar idarəsi, texniki pasportda göstərilən sahələr varsa, bir çox bu tip hallar həmin torpaq üzərində müşayiət olunursa, bu tip torpaqlar və onların üzərindəki əmlaklar çıxarışla təmin oluna bilər”.
Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans-a açıqlamasında deyib.
“Biz nəzər salsaq, Azərbaycanın bölgələrində, rayonlarda bələdiyyələrin torpaqları hərracla satmaq səlahiyyətləri olsa da, Bakı və Abşeron bölgəsində - Xırdalan şəhəri xaric bələdiyyələrin hərracla torpaq satmaq səlahiyyəti yoxdur. Bələdiyyələr 2007-ci ilə qədər torpaq icarəyə vermək səlahiyyəti var idi, daha sonra bütün bu səlahiyyətlər donduruldu. Vətəndaşların icarə müqaviləsi ilə bələdiyyələrdən aldıqları torpaqlar əgər bölgələrdə yerləşirdilərsə, həmin torpaqları vətəndaşlar bələdiyyələrə müraciət edərək hərrac vasitəsilə ala bilərdilər”.
Ekspert qeyd edib ki, Bakı və Abşeronda bələdiyyə torpaqlarının xəritəsi olmadığına və onlara hərac keçirmək səlahiyyəti verilmədiyinə görə, hələ ki bu torpaqların çıxarışla təmin olunması prosesi dayandırılıb.
“Bələdiyyə sənədləri ilə olan yüz minlərlə torpaq sahəsi var ki, onlar çıxarışla təmin oluna bilmir. Səbəb bələdiyyə torpaqlarının sənədlərinin olmamasıdır. Sənəd bələdiyyə tərəfindən verilsə də, amma həmin torpağın bələdiyyənin səlahiyyətində olub-olmaması mübahisəlidi deyə hələ ki o torpaqların çıxarışla təmin olunması dayandırılıb. Yəni vətəndaşın sənədləri qaydasındadırsa, həmin vətəndaşlar çıxarış ala bilirlər. Amma 2007-ci ildən bu günə qədər sənəd ala bilməyiblərsə, demək ki, onların sənədlərində müəyyən problemlər var. Növbəti mərhələlərdə, yəqin ki, bələdiyyələrlə bağlı da qərar verilməsi gözlənilir”.
Elnur Fərzəliyev son olaraq vurğulayıb ki, bu mərhələnin başlama tarixi təxmin olunan deyil. Səbəb isə sənədsiz evlərin böyük arealı əhatə etməsidir.
Press-fakt