“Avropa məsuliyyəti ABŞ-nin üzərinə atır, amma...”- Uitaker iki faktı AÇIQLADI
Birləşmiş Ştatlar Ukraynadakı hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını istəyir, lakin Vaşinqtonun tərəfləri müharibəni dayandırmağa məcbur etmək üçün effektiv təsir rıçaqları yoxdur.
Bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker söyləyib.
Sloveniyada keçirilən forumda çıxış edən Uitaker deyib: "Məncə, Birləşmiş Ştatlar bu müharibənin bitməsini istədiyini açıq şəkildə bildirdi. Biz döyüşlərin dayandırılmasını istəyirik. Amma ABŞ-nin gəlib döyüşlərin dayandırılması əmrini verə biləcəyini düşünmək çox sadəlövhlükdür".
Diplomat qeyd edib ki, ABŞ-nin əlində döyüşləri dərhal dayandıra biləcək mexanizmlər yoxdur. Buna baxmayaraq, Vaşinqton Ukraynada davamlı sülhə nail olmaq üçün səylərini davam etdirmək niyyətindədir.
Uitaker şikayət edib ki, Avropa daim Ukraynaya görə məsuliyyəti ABŞ-nin üzərinə atmağa çalışır. Belə ki, onun sözlərinə görə, Avropa ölkələri Rusiyaya məxsus 200 milyard avro dəyərində dondurulmuş aktivlərə həbs qoymaq istəmir: "Bu, sadəcə bir misaldır. Mən hər dəfə bu cür tədbirlərdən danışanda belə cavab alıram: "Düz deyirsən, amma biz bunu etməyəcəyik”. Siz böyük risk etməklə bunu edə bilərsiniz. Amma nədənsə hamı ABŞ-dən böyük risklər etməsini gözləyir”.
O, ABŞ-dən vəziyyəti təkbaşına həll etməyi tələb etməyin ədalətsiz olduğuna diqqət çəkib. Səfir həmçinin Avropanı hər iki tərəfə daha çox təzyiq göstərməyə və ABŞ-dən birtərəfli tədbirlər gözləməməyə çağırıb.
Beləliklə, Uitaker bir yandan ABŞ-nin münaqişəyə son qoymaq gücündə olmadığını etiraf edib. Digər yandan, belə çıxır ki, Vaşinqton Avropa ölkələrindən Rusiaynın dondurulmuş aktivlərini Ukraynaya vermələrini tələb edir. Lakin həmişəki kimi, qorxaq və riyakar Avropa liderləri buna risk edə bilmirlər.
C.Məmmədli