XƏZƏR UNİVERSİTETİNƏ YENİ REKTOR TƏYİN EDİLDİ - Raziyə İsayeva kimdir? /FOTO
Raziyə İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.
Bu barədə Universitetin Mətbuat xidmətindən məlumat verilib.
Press-fakt xəbər verir ki,, o, universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
R.İsayeva Xəzər Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavr dərəcəsi və Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. Corc Vaşinqton Universitetindən “Layihələrin idarə edilməsi” üzrə magistr sertifikatına malikdir. 2024-cü ildə Finlandiyanın Lapland Universitetində “Postsovet universitetində tələbə məşğulluğu – Azərbaycanda və Estoniyada mövcud vəziyyət və perspektivlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək təhsil üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
Raziya İsayeva uzun illər ərzində Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru olaraq fəaliyyət göstərib.
O, Böyük Britaniya və ABŞ universitetlərində müxtəlif təlimlər keçib. Erasmus+Aİ tərəfindən maliyyələşdirilən digər layihələr baxımından R.İsayeva, layihələrin hazırlanması və idarə edilməsində təcrübəyə malikdir. 2016-2019-cu illər ərzində Azərbaycanda həyata keçirilən Erasmus+ "PETRA" (573630-EPP-1-2016-1-ES-EPPKA2-CBHE-JP) layihəsinin müəllifidir. Həmçinin o, bir çox digər beynəlxalq və milli layihələrin müəllifi və icraçısıdır.
R.İsayeva Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölçülü təşkilatlarda sənaye və insan resurslarının idarə edilməsi sahəsində də çalışıb.
Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlıdır.
