"İki ildən sonra rusların 5000 kilometr məsafəyə çatan çoxlu raketləri olacaq"- Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın "Le Point" nəşrinə müsahibəsində bildirib ki, Rusiyaya verilən hər hansı güzəşt yalnız yeni hücumların qarşısını almaq əvəzinə, onları sürətləndirəcək.
Onun sözlərinə görə, əgər Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bütün ərazisini ələ keçirsəydi, ölkəni növbəti hücumlar üçün bir ərazi kimi istifadə edəcəkdi.
“Putin Krımı da, Donbası da məhz yeni hücumlara hazırlaşmaq üçün işğal edib. Əgər biz Donbası tərk etsək – bu heç vaxt olmayacaq – Putin dərhal Xarkovu və Dneprdəki sənaye mərkəzini hədəfə alacaq”, – Zelenski qeyd edib.
Dövlət başçısı bildirib ki, nəticə Avropanın mövqeyindən asılı olacaq: “Əgər Avropa güclü olarsa, Putin heç nə edə bilməz, amma zəif olarsa, Rusiyanın təsirinə məruz qalacaq. Moskva ilə Paris arasında məsafə 3000 kilometrdən də azdır. Bu gün Rusiyanın Ukraynaya atdığı raketlərin uçuş məsafəsi 2500 kilometrdir. Bizim də 3000 kilometr məsafəyə çatan raketlərimiz var”.
Zelenskinin fikrincə, müharibə həm Avropada, həm də Rusiyada texnoloji inkişafı sürətləndirir: “İnanın ki, iki ildən sonra rusların – bizim də – 5000 kilometr məsafəyə çatan çoxlu raketləri olacaq. Nə dəniz, nə okean heç kəsi qorumayacaq. Gələcəkdə raketlərin 10 min kilometr məsafəyə qədər uçması da mümkündür”.
Press-fakt