Rusiya iqtisadiyyatı “sıfır həddi”nə yaxınlaşır - Qref də iqtisadi tənəzzülü etiraf edir
Rusiya iqtisadiyyatının durğunluq dövrünə girməsi və gələcək perspektivinin qaranlıq olması artıq Kreml elitası tərəfindən də etiraf edilir. Lakin bunun əsas səbəbi Ukrayanda davam edən işğalçılıq müharibəsi olsa da, kimsə bunu açıq deməyə cəsarət etmir.
Məsələn, Vladimir Putinə yaxın şəxslərdən biri, Rusiya “Sberbank”-ının baş direktoru German Qref deyib ki, Rusiya iqtisadiyyatının “soyuması” davam edir və 2025-ci ilin ikinci rübünü “texniki durğunluq” dövrü adlandırmaq olar: "Soyutma davam edir, biz bunu ÜDM-in artım tempində görürük. İkinci rüb praktiki olaraq texniki durğunluq kimi qiymətləndirilə bilər. İyul və avqust ayları bizim sıfır həddinə yaxınlaşdığımızın kifayət qədər açıq əlamətlərini göstərir".
Qref kifayət qədər təcrübəli bankirlərdən biridir və “Sberbank”-dakı postundan əvvəl Rusiyanın İqtisadi İnkişaf naziri vəzifəsini tutub. Putinlə hələ Sankt-Peterburqdan bir yerdə işləyən bu şəxs təbii ki, Rusiyanın düşdüyü hazırkı iqtisadi tənəzzül yolunun əsl səbəblərini və səbəbkarını səsləndirməz. Lakin buna baxmayaraq, “həyəcan təbili” çalmaya da bilmir.
Qref Rusiya iqtisadiyyatın “idarə olunan soyumasından” vaxtında çıxmağın vacibliyini vurğulayıb. O qeyd edib ki, bunun üçün mühüm amillərdən biri Mərkəzi Bankın faiz dərəcəsidir.
Qrefin dediyinə görə, “Sberbank” bu ilin sonunda göstəricinin 14% səviyyəsində olacağını gözləyir, lakin bu, "iqtisadiyyatı canlandırmaq" üçün kifayət deyil. Onun fikrincə, 12% və daha aşağı səviyyəyə ehtiyac var: "İlin sonunda daxildə istifadə etdiyimiz hesablamalarımıza görə, bu nisbət təxminən 14% olacaq. Bu, iqtisadiyyatın canlanmağa başlaması üçün kifayətdirmi? Fikrimizcə, bu, kifayət deyil və indiki inflyasiya səviyyələri ilə iqtisadi canlanmaya ümid edə biləcəyimiz nisbət 12% və daha aşağıdır". Qref qeyd edib ki, sentyabrda əsas faiz dərəcəsinin ən azı 2 faiz bəndi azaldılması kreditləşmədə gələcək durğunluğun qarşısını alacaq.
Lakin məlum məsələdir ki, Rusiya Mərkəzi Bankı bu addıma getməyəcək və faiz uçot dərəcəsini Qrefin dediyi səviyyəyə endirməyəcək. Çünki bu, zatən yüksək olan inflyasiya risklərini daha da artıracaq. Odur ki, dairə qapanır. Faiz dərəcəsini kəskin azaltmadan artımı sıfıra yaxınlaşan, yəni, staqnasiyaya qədəm qoyan iqtisadiyyatı canlandırmaq olmayacaq. Faiz kəskin azaldıldığı halda inflayasiya yüksələcək, qiymətlər artacaq. Kreml isə bu qərarı verəcək iradəyə malik deyil, çünki bunun zatən davam edən müharibənin bezdirdiyi cəmiyyətdə ciddi sosial fəsadları olacaq.
Xatırladaq ki, bu ilin iyun ayında Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini illik 21%-dən 20%-ə endirib. Daha sonra, iyul ayında keçirilən iclasda direktorlar şurası onu daha iki faiz bəndi azaldaraq illik 18%-ə endirib. Hələ bunun özü belə inflaysiyaya təsir etməkdədir. Dərəcənin 12-yə endirilməsi isə proqnozlaşdırılması çox çətin olan fəsadlar verə bilər. Odur ki, Qrefin təklifi çətin ki, qəbul edilsin./azpolitika