İran Avstraliya səfirini ölkədən qovdu - Səbəb bu imiş!
Avstraliya səfirini ölkədən çıxardıq, iddialar əsassızdır.
Press-fakt xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi, İran-Avstraliya münasibətlərində yaşanan gərginliklə bağlı açıqlama verib.
Bekayi bildirib ki, İran, diplomatik hüququn prinsipləri və beynəlxalq münasibətlərin qaydalarına uyğun olaraq, Avstraliyanın atdığı addıma cavab olaraq bu ölkənin İrandakı diplomatik nümayəndəliyini azaltmaq qərarı verib:
"İran diplomatik hüququn ənənəvi qaydalarına uyğun olaraq, Avstraliyanın bu addımına cavab olaraq, Avstraliyanın İrandakı diplomatik varlığını azaltdı. Avstraliya səfiri də artıq İranı tərk edib," – deyə, Bekayi bildirib.
O, Avstraliya tərəfindən İrana qarşı irəli sürülən antisemitizm ittihamlarını isə "gülünc və əsassız" adlandırıb:
"Avstraliya hökumətinin diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı əsassızdır. Biz bu addımı alqışlamırıq, çünki bu qərarın arxasında real və əsaslı bir səbəb yoxdur. Bu, ölkələrimiz arasında münasibətlərə mənfi təsir göstərir."
Qeyd edək ki, Avstraliya hökuməti avqust ayında İran səfirini ölkədə yəhudi icmasına qarşı baş verən iki insidentdə əli olmaqda ittiham edərək, onu persona non-qrata elan edib.
İran bu ittihamları rədd edərək, hadisələrin İsrailin təşkil etdiyi bir təxribat olduğunu iddia edib.
Avqustun 28-də Sky News Australia xəbər vermişdi ki, İsrail kəşfiyyatının təqdim etdiyi məlumatlar, Avstraliyada yəhudilərə qarşı törədilən iki hücumun İranla əlaqəli olduğunu göstərir.