Britaniya hərbçiləri “görünməz" olacaq - Xüsusi kamuflyaj geyimlər...
Böyük Britaniyanın Kral Dəniz Piyadaları bədən istiliyini maskalayan və döyüşçüləri termal kameralar və kəşfiyyat dronları üçün demək olar ki, görünməz edən xüsusi kamuflyaj geyimləri ilə təchiz olunublar.
Bu barədə "The Telegraph" yazır.
Məlumata görə, yeni avadanlıq “Harry Potter-in görünməzlik plaşı” ilə müqayisə olunur. İsveç istehsalçısı Saab tərəfindən hazırlanmış Saab Barracuda Soldier texnologiyası əsgərin istilik şüalanmasını yayaraq, həm gündüz, həm də gecə ətraf mühitlə qarışmasına imkan verir. Geyimlər iki tərəflidir və ərazinin şəraitinə uyğunlaşa bilir.
45-ci Commando polkunun serjantı Karl Smit bunu belə izah edib:
“Bu, istifadəçini istilik görüntülərindən, xüsusilə kiçik PUA-lardan qoruyur, əslində, yeni geyim hərbçilər üçün görünməzlik plaşıdır.”
Hərbçilərin sözlərinə görə, yeni plaşların alınması qərarı Ukraynada müharibənin göstərdiyi təhdidlərin təhlilindən sonra qəbul edilib. Termal kameralı dronlar açıq ərazilərdə piyada bölmələrini dəfələrlə məhv edib.
“Əgər sizi görmürlərsə – sizi vurmaq mümkün deyil,”- deyə Smit vurğulayıb.
Press-fakt