“UKRAYNA ÜÇ YERƏ BÖLÜNƏCƏK, TALEYİ HƏLL OLUNUB”- Orbandan şok AÇIQLAMA
Ukraynanın təhlükəsizliyinə təminat üzrə hazırkı danışıqlar nəticəsində onun ərazisi üç zonaya bölünəcək. Bunlar Rusiyanın tutduğu ərazilər, hərbisizləşdirilmiş ərazi və “Qərb zonası” olacaq.
Xarici KİV xəbər verir ki, bunu Macarıstan Baş Naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, hazırda Avropada təhlükəsizlik təminatları ilə bağlı aparılan müzakirələr artıq “Rusiya zonası”nın mövcudluğunu tanıyır və indi yalnız onun ölçüsü və formatı müzakirə olunur.
Orban qeyd edib ki, demilitarizasiya zonası ilə bağlı sual hələ də açıqdır: "Ukraynanın taleyi, deyəsən, həll olunub. Bu gün Avropa "zərif" şəkildə təhlükəsizlik təminatlarından danışır, lakin bu təminatlar əslində Ukraynanın bölünməsi deməkdir. Ukraynanın bölünməsinin nəticəsi Rusiya zonası, hərbisizləşdirilmiş zona və Qərb zonası olacaq. Rusiya zonası artıq mövcuddur. Bu gün müzakirələr yalnız onun neçə regionu əhatə etməsidir".
Bundan əlavə, Orban bir daha Ukraynanın Aİ və NATO-ya daxil olmasına qarşı çıxıb və bunun guya Rusiya Federasiyası ilə müharibəyə gətirib çıxaracağını, Avropa iqtisadiyyatını məhv edəcəyini qeyd edib./azpolitika