LAVROV Türkiyə və Azərbaycanın TƏKLİFİNDƏN DANIŞDI: Artıq 3+3 formatının VAXTI ÇATIB

“Rusiya Cənubi Qafqaz dövlətləri ilə onların üç qonşusu, o cümlədən Rusiya arasında 3+3 formatında qarşılıqlı fəaliyyətin tezliklə bərpasına ümid edir”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirik ki, Türkiyə və Azərbaycanın o zaman irəli sürdüyü təşəbbüs, yəni 3+3 platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstanla onların üç böyük qonşusu - İran, Türkiyə, Rusiya arasında bu formatı bərpa etməyin vaxtı çoxdan çatıb”, - rusiyalı nazir bildirib.
Lavrov qeyd edib, İran bu prosesi dəstəkləyir və platformanın təşəbbüskarları Türkiyə və Azərbaycan olub. Bu kontekstdə o, tezliklə görüşə ümid etdiyini bildirib.
Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
Press-fakt