AFFA Santuşa 12 milyon təzminat verəcək?- Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün AFFA tərəfindən vəzifəsindən azad edilib. 2024-cü ildən etibarən Azərbaycan millisini çalışdıran portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin iyununda Santuşla 3+1 illik razılığa gələn AFFA həmin vaxt müqavilənin detallarını açıqlamaqdan imtina etmişdi. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "təzminat və maddi məsələləri açıqlaya bilmərik" şəklində bir açıqlama vermişdi.
Lakin yerli mətbautda yayılan xəbərlərə görə, Santuş Azərbaycan milli komandasında illik 3–4 milyon avro aralığında maaş alırdı. Bonuslar və digər maddələr də nəzərə alındıqda onun dörd il ərzində qazancı 12–16 milyon avro civarında qiymətləndirilirdi. Vaxtından əvvəl müqaviləsinə xitam verilən Santuşun təxminən 12 milyon avro məbləğlərdə bir təzminat alacağı deyilir. Başqa bir iddiaya görə, təcrübəli mütəxəssis AFFA rəsmilərindən 4.5 milyon avro təzminat tələb edib.
Qeyd edək ki, Fernandu Santuş əvvəlki iş yeri Türkiyənin “Beşiktaş” klubu olub. Orada 97 gün baş məşqçi çalışdığı müddətdə 865 min 487 avro (təxminən 1,6 milyon manat) maaş almışdı. “Beşiktaş” onun müqaviləsinə uğursuz nəticələr səbəbindən vaxtından əvvəl xitam verərək 500 min avro (təxminən 920 min manat) təzminat ödəmişdi.