Belarus casus şəbəkəsi ifşa edildi - Çexiya, Rumıniya və Macarıstandan birgə əməliyyat
Çexiyanın Təhlükəsizlik və Məlumat Xidməti (BIS), Rumıniya və Macarıstanın xüsusi xidmət orqanları ilə birgə Avropada fəaliyyət göstərən Belarus casus şəbəkəsini zərərsizləşdirdiklərini açıqlayıb.
BIS-in yaydığı rəsmi məlumata görə, bu şəbəkə Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən Avropada informasiya toplamaq və agent şəbəkəsi qurmaq məqsədilə yaradılıb.
Çexiyada Belarus səfirliyinin bir əməkdaşı “diplomatik örtük altında fəaliyyət göstərən kəşfiyyat zabiti” kimi tanınaraq persona non grata elan olunub və 72 saat ərzində ölkəni tərk etməsi tələb edilib.
Digər tərəfdən, Rumıniyada Moldova Xüsusi Xidmətlərinin sabiq yüksək vəzifəli əməkdaşı saxlanılıb. Onun Belarus üçün casusluq etdiyi və dövlət sirrini ötürdüyü iddia olunur. Rəsmi məlumatlara görə, həmin şəxs son bir ildə Budapeştdə Belarus KQB əməkdaşları ilə iki dəfə görüşüb.
Çexiya xüsusi xidmət rəhbəri Mixal Koudelka bildirib ki, Belarus casusları Avropadakı diplomatik toxunulmazlıqdan sui-istifadə edərək sərbəst hərəkət imkanlarını öz maraqları üçün istifadə ediblər. O, Belarus və Rusiya diplomatlarının Şengen zonasında hərəkətinə məhdudiyyət tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Hadisəyə Minsk və ya Moskva tərəfindən hələlik rəsmi reaksiya verilməyib.
Press-fakt