"VƏTƏNDAŞLARI "XOŞ SÜRPRİZLƏR" GÖZLƏYİR..."- Ekspertdən bədbin proqnoz
"Çox böyük ehtimalla söyləmək olar ki, yaxın aylarda vətəndaşları ictimai nəqliyyatda və kommunal xidmətlərdə qiymət artımı kimi “xoş sürprizlər” gözləyir".
Bu barədə iqtisadçı- ekspert, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli sosial şəbəkə hesabından paylaşım edib.
İqtisadçı qeyd edib ki, hökumət bu yolla azalan gəlirləri kompensasiya etməyə çalışır, amma, anlamır ki, rəsmi məlumatlara görə əhali zatən xərclədiyi hər bir manatın 50 qəpiyini ancaq ərzağa sərf edir - bu isə kasıblıq göstəricisidir.
Yeri gəlmişkən qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Məlumata görə, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb. Bu ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,7 %-i ərzaq məhsullarının alınmasına sərf olunub.
Xatırladaq ki, bu günlərdə yerli mətbuatda metro və avtobusda gediş haqqının artıralcağına dair xəbərlər yayılmışdı. Xəbərə görə, yaxın aylarda metro və avtobusda gediş haqqı məbləği 1 manat olacaq.