TÜRKİYƏNİN MƏŞHUR BRENDLƏRİ Ermənistan BAZARINDA - Quru sərhədin tam açılması ilə... /Araşdırma
Ermənistanın müstəqilliyini elan etməsindən sonra Türkiyə ilə bu ölkə arasında məhdud ticarət və iqtisadi əlaqələr formalaşıb. Lakin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən qısa müddət sonra Türkiyə sərhədini bağlayıb və diplomatik əlaqələrini kəsib. Buna baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri dayanmayıb.
Türkiyənin Ermənistanla ticarət-iqtisadi əlaqələri Gürcüstan üzərindən həyata keçirilirdi. Vətən müharibəsindən sonra Ermənistan hökuməti Türkiyə istehsalı malların ölkəyə idxalını yasaqlamışdı. Amma bu qadağa 2022-ci ilin əvvəlində ləğv olundu və iki ölkə arasında ticarət əlaqələri qısa zamanda bərpa edildi.
İrəvan-İstanbul yük reyslərinin açılması ilə türk məhsulları yenidən Ermənistan bazarında geniş yayılmağa başladı. Rəsmi məlumatlara görə, 2024-cü ildə Türkiyədən Ermənistana ixracın həcmi 330 milyon dollardan çox olub.
Hazırda əsas yük daşımaları Gürcüstan üzərindən və hava reysləri vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç hazırda Ermənistanda səfərdədir. O, həmkarı Ruben Rubinyanla görüşüb. Görüşün detalları hələlik məlum olmasa da, iki ölkə arasında sərhədlərin açılmasının gündəmdə olacağı bildirilir.
Araşdırmalara görə, Ermənistana ən çox ixrac olunan Türkiyə məhsulları siyahısında ilk yerləri geyim, inşaat materialları, mebel və ehtiyat hissələri tutur.
Ermənistanda ən məşhur Türkiyə brendləri “Mavi”, “LC Waikiki”, “Beko”, “Golden Rose”dur.
“LC Waikiki”nin İrəvanın müxtəlif yerlərində bir neçə mağazası fəaliyyət göstərir. "Koton" brendi də françayzinq əsasında İrəvanda mağaza açıb.
2021-ci ildə edilən aparılan bir araşdırmada “Kargo34”, “Ekspreskargo”, “Kargomkolay”, “Fast-express”, “Hoptrans”, “Acilkargo” kimi şirkətlərin Ermənistanda fəaliyyət göstərdiyi meydana çıxıb.
Məlumata görə, “Beko” şirkətinin də Ermənistanda fəaliyyəti davam edir. "Beko" brendi Ermənistanda rəsmi distribyutor vasitəsilə satışa çıxarılıb. İrəvanda "Beko" mağazaları məişət texnikası seqmentində böyük paya malikdir. Bundan başqa, "İstikbal" və "Bellona" mebel markaları da ölkədə fəaliyyət göstərir.
Digər Türkiyə markası “Mavi”nin isə Ermənistandakı fəaliyyəti məhdudlaşıb. “Mavi Armenia” mağazası mövcud olsa da, 2020-ci ildən Türkiyə məhsullarının Ermənistana idxalına qoyulan qadağalar nəticəsində mağazanın işində çətinliklər yaranıb. Məlumatlara görə, həmin dövrdə mağazada əvvəl satılan Türkiyə istehsalı geyimlər yerli alternativ markalarla əvəz edilib.
Türkiyənin "Lassa" və "Petlas" markaları avtomobil şinləri bazarında Ermənistanda geniş yayılıb. Yerli distribyutorlar bu məhsulları Gürcüstan üzərindən idxal edirlər. Ermənistan supermarketlərində və onlayn platformalarda Türkiyə istehsalı qida məhsullarına da rast gəlinir. Məsələn, "Koska" lokum və halvaları, "Eti" biskvitləri, "Tadım" quru meyvələri alıcılar arasında populyardır.
Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi hələ tam yekunlaşmasa da, iqtisadi əməkdaşlıq faktiki olaraq gündəlik həyatda özünü göstərir. Türk brendlərinin Ermənistanda bu qədər əlçatan olması həm İrəvanın bazarlarını canlandırır, həm də bölgədə qarşılıqlı asılılığı artırır.
Ekspertlərin fikrincə, quru sərhədin tam açılması ilə bu rəqəmlər daha da böyüyə, Türkiyə şirkətləri Ermənistanda daha güclü şəkildə təmsil oluna bilər./modern.az