Ərəb ölkələri öz NATO-larını QURMAQ İSTƏYİR - Misir 20 min hərbçi ayırmağa hazırdır

Misir ərəb ölkələrinin NATO-ya bənzər birgə hərbi qüvvə yaratması təşəbbüsü ilə çıxış edib.
Bu barədə məlumatı Livanın “Əl-Əxbar” qəzeti hökumətə yaxın mənbəyə istinadən yayıb.
Məlumata görə, təklif ilk dəfə təxminən doqquz il əvvəl irəli sürülsə də, nəticə əldə edilməyib. Son günlərdə, xüsusilə İsrailin Dohaya aviazərbəsindən sonra təşəbbüs yenidən aktuallaşıb.
Plan çərçivəsində Misir 20 minə yaxın hərbçisini ayırmağa hazır olduğunu bildirib. Birgə qüvvənin formalaşdırılmasında iştirakçı ölkələrin əhalisi, hərbi potensialı və regional balans nəzərə alınacaq. Mərakeş və Əlcəzairin də qoşulması, həmçinin komandirlik vəzifələrinin ölkələr arasında bölüşdürülməsi müzakirə olunur.
Mənbənin sözlərinə görə, Qahirə birinci komandanlıq mövqeyini özündə saxlamaq, ikinci vəzifəni isə Səudiyyə Ərəbistanına və ya Fars körfəzi ölkələrindən birinə vermək niyyətindədir./modern.az