"Əhalinin dərman və tibbi ləvazimatlara xərcləri rekord səviyyədə artıb"- Deputat AÇILQLADI

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov dərman preparatları və tibbi ləvazimatlara əhali tərəfindən xərclənən vəsaitin kəskin artdığını bildirib.
Deputatın sözlərinə görə, 2024-cü ilin yanvar-avqust aylarında ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 40,4 milyard manatlıq məhsul satılıb. Bunun 22,2 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,2 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsində real ifadədə 3,7 faiz artım müşahidə olunub. Ərzaq məhsulları üzrə artım 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz təşkil edib.
V.Bayramovun diqqət çəkdiyi əsas məqamlardan biri isə əczaçılıq məhsulları və tibbi ləvazimatlara olan xərclərin rekord səviyyədə artmasıdır.
Deputat qeyd edib ki, bu müddət ərzində vətəndaşların dərman və tibbi vasitələrə ayırdığı vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artıb.
"Bu, o deməkdir ki, vətəndaşlarımız 8 ay ərzində dərman və tibbi ləvazimatlara əvvəlki ilə nisbətən 210 milyon manat daha çox vəsait xərcləyiblər. Bu isə kifayət qədər ciddi göstəricidir", – deyə iqtisadçı-deputat vurğulayıb.
Vüqar Bayramov əlavə edib ki, əczaçılıq məhsullarına olan xərclərin artması, əsasən, dərman qiymətlərindəki dəyişikliklər və tibbi xidmətlərə olan tələbin yüksəlməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən deputat bildirib ki, bu dövrdə tibbi xidmətlərin qiymətində də artım qeydə alınıb.
Onun sözlərinə görə, dərman xərclərinin artması ailə büdcələrinə birbaşa təsir göstərdiyi üçün qiymət tarazlığının qorunması olduqca vacibdir:
“Doğrudur, ölkədə dərman preparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, ümumi istehlak xərclərinin optimallaşdırılması da önəmlidir. Xərc və qiymət tarazlığının qorunması üçün yerli istehsalın genişləndirilməsi və dərman idxalının minimuma endirilməsi vacibdir”, – deyə Vüqar Bayramov bildirib.
Press-fakt