ABŞ və Çin razılığa gəldi: Gərginlikdə kritik dönüş
ABŞ prezidenti Donald Tramp Çinlə bağlı TikTok məsələsində razılaşma əldə edildiyini açıqlayıb.
Onun sözlərinə görə, ABŞ hökuməti Çin tərəfi ilə TikTok-un fəaliyyəti ilə bağlı razılığın bütün detallarını bir gün əvvəl tamamlayıb.
Trampın bəyanatına əsasən, ByteDance şirkəti TikTok-un ABŞ bölməsini satmaqdan imtina edərsə, platforma ölkədə bloklanma riski ilə üzləşəcək.
Hazırda ABŞ və Çin rəsmiləri razılaşmanın təfərrüatlarını ictimaiyyətə açıqlamayıb. New York Postun məlumatına görə, ABŞ-da TikTok-un fəaliyyətini idarə edəcək yeni holdinq şirkəti yaradılacaq. Bu qurumda əsas nəzarət milyarder Ceff Yass və General Atlantic Partners investisiya şirkətinin rəhbəri Bill Forda məxsus olacaq.
Qeyd edək ki, 2024-cü ildə ABŞ-ın o zamankı prezidenti Co Bayden, Çin şirkəti ByteDance-in TikTok-u satmasını tələb edən qanunu imzalamışdı. Əks halda, tətbiq ABŞ-da qadağan olunmalı idi. Tramp isə prezidentliyə qayıtdıqdan dərhal sonra platformanın bloklanmasını təxirə salıb. Bu təxirə salınma 17 sentyabr tarixinə qədər qüvvədədir.
Press-fakt