“NEFT HASİLATI AZALIR, İQTİSADİ ARTIM TEMPİ DÜŞÜR”- "Vergi Məcəlləsini tez-tez dəyişmək yox, yenisini qəbul etmək lazımdır, yoxsa...”
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 17-də keçirilən iclasında bir sıra təkliflər irəli sürüb.
Millət vəkili ölkəmizdə iqtisadi artım templərinin yeni mərhələnin tələbləri səviyyəsinə qaldırılması üçün islahatlara ehtiyac olduğunu deyib:
“Bu, ilk növbədə müasir tələblərə cavab verən yeni qanunların qəbulunu, həmçinin mövcud qanunların təkmilləşdirilməsini tələb edir. Bu baxımdan yeni Vergi Məcəlləsinin qəbul edilməsi çox vacibdir”.
Əli Məsimli vurğulayıb ki, Vergi Məcəlləsi artıq 25 ildir qüvvədədir və ona çoxsaylı dəyişikliklər edilib:
“Hazırda bu sahədə qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılması üçün mövcud Məcəllədə dəyişikliklər edilməsinin davam etdirilməsi əvəzinə yeni Vergi Məcəlləsinin qəbul edilməsi daha məqbul variantdır. Vergi Məcəlləsinə tez-tez dəyişikliklərin edilməsi investorları, xüsusən də xarici investorları çəkindirir. Ona görə təklif edirik ki, yeni bir Vergi Məcəlləsi qəbul edilsin”.
O əlavə edib ki, Büdcə və Bank Məcəllələrinin də qəbul edilməsinə ehtiyac var. Deputat deyib ki, digər istiqamətlərdə də qanunvericiliyə dəyişikliklər edilməlidir:“Məsələn, iqlim dəyişiklikləri iqtisadiyyata, xüsusən də kənd təsərrüfatına ciddi təsir edir. Araşdırmalar göstərir ki, orta müddətə hər il kənd təsərrüfatına 500 milyon manat yönəldilib. Ondan səmərəli istifadə etməklə, 5-6 ildən sonra 12 əsas məhsul növü üzrə 5-7%-ə qədər artıma nail olmaq olar. Neçə illərdir hər il kənd təsərrüfatına yönəldilən vəsait həmin məbləği üstələyib, amma xeyli vaxtdır hər il orta hesabla 3 faiz ətrafında artım olub. Bu ilin 8 ayının göstəricilərinə görə isə kənd təsərrüfatında 1 faizə yaxın enmə müşahidə olunub”.
Əli Məsimli bildirib ki, bu fakt aqrar sahədə islahatlar kontekstində kənd təsərrüfatına diqqətin artırılmasını və hüquqi bazanın təkmilləşdirilməsini tələb edir:“Bu yöndə həlli vacib olan məsələlərdən biri iqlim dəyişikliklərinin fermerlərə vurduğu ziyanın kompensasiyasını gücləndirməkdən ötrü quraqlığın təbii fəlakətlər sırasına daxil edilməsi və bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliyin edilməsidir. Bu, fermerlərin məruz qaldığı maliyyə itkilərinin aradan qaldırılmasına və gələn il fəaliyyətlərinin davam etməsinə real şərait yarada bilər”.
Deputat deyib ki, hər bir ölkənin inkişafında iqtisadi artım templərinin səviyyəsi və davamlılığı mühüm rol oynayır:“Son vaxtlar ölkəmizdə iqtisadi artım templərinin səviyyəsi xeyli aşağı düşüb. Əgər ötən ilin səkkiz ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 4 faizdən çox artmışdısa, bu il cəmi 1 faiz artım olub. Neft hasilatının aşağı düşməsi həmin sahənin maliyyə və digər göstəricilərini pisləşdirməklə yanaşı, ölkəmizin ümumi artım tempinə də mənfi təsir göstərir. Amma qeyri-neft ÜDM-də artım tempi də nəzərəçarpacaq dərəcədə azalıb. Əgər 2024-cü ilin 8 ayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz ÜDM-i 7 faiz artmışdısa, bu ilin müvafiq dövründə bu artım 2,6 faiz təşkil edib. Sənayedə də oxşar vəziyyət müşahidə olunur. Keçən ilin avqustuna qeyri-neft-qaz sənayesi 8 faizə yaxın artmışdısa, bu ilin müvafiq dövründə bu artım 4,8 faiz təşkil edib”.
Əli Məsimli vurğulayıb ki, aidiyyəti qurumların iştirakı ilə həm kənd təsərrüfatı, həm də sənaye sahələrinin problemləri və perspektivlərinə həsr olunmuş dinləmənin keçirilməsi vacibdir:
“Ona görə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bu sahələrin problem və perspektivlərinə həsr olunmuş bir dinləmənin keçirilməsini vacib hesab edirik”.
Deputat deyib ki, iqtisadiyyatın inkişafı ölkədə sahibkarlıq mühitinin vəziyyəti ilə sıx bağlıdır:
“Bu sahədə nəticələri yaxşılaşdırmaqdan ötrü yerli və xarici iş adamları arasında sosioloji sorğuların keçirilməsi, sahibkarlığın qarşısında duran maneələrin aradan qaldırılması və bu sahənin, xüsusən də regionlarda inkişafın təşviq olunmasına həsr olunmuş dinləmənin keçirilməsi məqsədəuyğun olardı”.
Rasim Əliyev