Kozak istefa verdi - Rəsmi səbəb açıqlandı, amma...
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefa ərizəsi verdiyi açıqlanıb. Bu barədə Rusiya mediasında məlumat yayılıb. Məlumat dünən yayılsa da, istefanın gerçək səbəbi açıqlanmamışdı.
ABŞ-nin Müharibə Araşdırma İnstitutu (ISW) isə öz hesabatında Kozakın administrasiyadan gedişini Vladimir Putinlə fikir ayrılığı ilə əlaqələndirir. ISW-nin təhlilinə görə, ehtimal ki, Kozak Ukraynaya qarşı müharibə ilə bağlı bir neçə ildir ki, Vladimir Putinlə razılaşmadığı üçün işdən çıxarılıb: “Putinin hərbi əməliyyatların dayandırılmasını müdafiə edən yaxın adamlarından birindən(Kozakdan-red.) yaxa qurtarmaq qərarı, Rusiya liderinin və onun tərəfdarlarının müharibənin davam etdirilməsi və maksimalist tələblərdən əl çəkməmək məsələsində birləşdiyini göstərir”.
Rusiya mətbuatının yazdığına görə, Kozak artıq bir neçə gün əvvəl “istefa verib” və bizneslə məşğul olmaq təkliflərini nəzərdən keçirir.
Xatırladaq ki, Kozak Rusiya Təhlükəsizlik Şurasının 21 fevral 2022-ci il tarixli iclasında Ukraynaya tammiqyaslı işğala qarşı çıxan yeganə iştirakçı olub. Müharibənin əvvəlində o, Kiyevlə danışıqlarda iştirak edərək, Ukraynanın NATO-ya üzvlüyünü istisna edən saziş təklif edib. Lakin Putin bu təşəbbüsü rədd edərək Ukrayna ərazilərini ilhaq etmək qərarına gəlib.
Qərb və Rusiya mənbələri dəfələrlə yazıb ki, son aylarda Kozak Putinə hərbi əməliyyatları dayandırmağı və sülh danışıqlarına başlamağı tövsiyə edib. Lakin bu tövsiyələr bir tərəfdən qəbul edilməyib, digər tərəfdən isə Kozakın Kremldəki nüfuzunu kəskin şəkildə azaldıb.
Bu gün isə Vladimir Putinin sözçüsü Dmitri Peskov Kozakın istefası ilə bağlı Kremlin rəsmi mövqeyini açıqalyıb. Bununla bağlı fəramanın hələ dərc edilmədiyini bildirən Peskov sadəcə deyib ki, Kozak guya öz ərizəsi və “öz arzusu ilə” vəzifədən gedib…
C.Məmmədli