Belarus və Çexiya arasında casusluq qalmaqalı - Diplomatik qarşıdurma dərinləşir
Belarus, Çexiyanın diplomatik addımına cavab olaraq bu ölkənin diplomatını persona non-qrata elan edib. Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Voronkov bildirib ki, çexiyalı diplomat 72 saat ərzində ölkəni tərk etməlidir. Bu addım, Çexiyanın Belarusun müşavir səviyyəsində olan diplomatını “tamamilə əsassız və uydurma səbəblərlə” ölkədən çıxarmasına cavab kimi atılıb. Voronkov əlavə edib ki, rəsmi Minsk bu diplomatik insidenti "bağlanmış hesab edir".
Bundan əlavə, Voronkov Polşanın müvəqqəti işlər vəkili Voytsex Filimonoviçi Xarici İşlər Nazirliyinə dəvət edərək Belarus-Polşa münasibətlərinin mövcud vəziyyətini müzakirə edib.
Belarusun “Zerkalo” nəşri xatırladır ki, sentyabrın 8-də Çexiyanın hüquq-mühafizə orqanları Belarus KQB-sinin Avropada fəaliyyət göstərən casus şəbəkəsini ifşa etdiyini açıqlayıb. Eyni vaxtda Rumıniyada Moldova Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin keçmiş müavini, 47 yaşlı Aleksandru Balananın saxlanıldığı bildirilib. O, Belarus üçün casusluq və dövlətə xəyanət ittihamı ilə üzləşib.
Çexiya xüsusi xidmət orqanlarının məlumatına görə, bu işdə Belarusun Praqadakı səfirliyində çalışan və Nikola Dukşte adlı müşavir rəsmi casusluq fəaliyyəti ilə məşğul olub. O, 2024-cü ildən Praqada diplomat kimi fəaliyyət göstərib və inzibati məsələlərə cavabdeh olub. Onun adı Çexiya Xarici İşlər Nazirliyinin saytında səfirlik əməkdaşları siyahısında yer alır.
Sentyabrın 9-da Polşa da Belarus agentinin saxlanıldığını və Belarus diplomatının ölkədən çıxarıldığını elan edib. Ardınca Belarusun Kişinyovdakı diplomatı da **persona non-qrata** elan olunub.
Qeyd edək ki, Polşa, Rusiya-Belarus hərbi təlimləri – “Qərb-2025” çərçivəsində sərhədlərini tamamilə bağlayıb. Təlimlər başa çatsa da, sərhəd hələ də açılmayıb.
Rasim Əliyev