Avstriyada Rusiya CASUSU İFŞA EDİLDİ - OMV-nin yüksək vəzifəli əməkdaşı işdən çıxarıldı
Avstriyanın ən iri neft-qaz şirkəti OMV yüksək vəzifəli əməkdaşlarından birini Rusiya xeyrinə casusluqda şübhəli bildiyi üçün işdən azad edib.
Avstriya mediasının məlumatına görə, adı açıqlanmayan menecer uzun müddət dövlət təhlükəsizlik xidməti tərəfindən izlənilib. Araşdırmalar göstərib ki, o, Vyanada Rusiya səfirliyinin diplomatlarından biri ilə mütəmadi görüşüb. Qərb xüsusi xidmət orqanları həmin diplomatı FSB ilə əlaqəli şəxs kimi tanıyır.
Məlumatlara əsasən, menecer əvvəllər Əbu-Dabidə yerləşən və OMV-nin 25%-lik səhmdarı olan ADNOC şirkətinə ezam olunub. Onun tez-tez BƏƏ-yə səfər etdiyi, Vyanaya qayıtdıqdan sonra isə Rusiya diplomatına şirkətlə bağlı məxfi məlumatlar ötürdüyü iddia olunur.
OMV rəhbərliyi əməkdaşın işdən çıxarıldığını təsdiqləyib və dövlət qurumları ilə tam əməkdaşlıq etdiyini açıqlayıb. Şirkət əlavə detallar barədə isə məlumat verməyib. Bildirilir ki, şübhəli şəxs hələ də azadlıqdadır.
Hadisə ilə bağlı Avstriya Xarici İşlər Nazirliyi Rusiyanın Vyanadakı səfirliyinin müvəqqəti işlər vəkilini izahat üçün çağırıb. Analitiklər hesab edirlər ki, bu qalmaqal fonunda Avstriya ilə Rusiya arasında münasibətlər daha da gərginləşə bilər./azpolitika