Kreml Moskvada Paşinyana qarşı aksiya təşkil edib - “Etirazçılar” erməni kilsəsinin müdafiəsinə qalxıb /FOTO
Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri istənilən kütləvi aksiyaya sərt qadağa qoyulan Moskvada Ermənistan Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilib.
Rusiya mediasında yayılan məlumat və fotolardan görünür ki, onlarla erməni Ermənistanın Moskvadakı səfirliyi qarşısında Nikol Paşinyanın hərəkətlərinə etiraz olaraq aksiya təşkil ediblər.
Məlumatda qeyd edilir ki, etiraz Ermənistan Apostol Kilsəsinə qarşı təzyiqlər və hökumətin keşiş Mikael Ajapaxyanı dövlət çevrilişinə çağırışda təqsirli bilərək həbs etməsilə bağlıdır.
Qeyd edək ki, bir gün əvvəl Ermənistan məhkəməsi arxiyepiskop Mikael Ajapaxyanı dövlət çevrilişinə çağırışda təqsirli bilib. O, hazırda həbsdədir və onu 5 ilə qədər həbs gözləyir. Bundan əvvəl Paşinyan açıq şəkildə bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib və onun istefasını tələb edib.
Əslində, Nikol Paşinyanın səfəri ərəfəsində Moskvada, sözsüz ki, Kremlin xeyir-duası ilə təşkil edilən bu aksiya bir daha erməni kilsəsinin haradan idarə edildiyini və himayə olunduğunu göstərir./azpolitika