ERMƏNİ KONSUL MƏLUMATLARI ADƏMƏ KÖNÜLLÜ ÖTÜRÜRMÜŞ - Ayda bu qədər pul alıb
Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyan barəsində aparılan dövlətə xəyanət işi üzrə ilkin istintaq yekunlaşıb və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinə istinadən “Sputnik Ermənistan” yayıb.
İstintaq materiallarına əsasən, Ermənistanın Xarici İşlər Nazirliyində çalışan Aşxen Arakelyan Azərbaycan vətəndaşı ilə şəxsi münasibət qurub və həmin münasibətlər çərçivəsində dövlət əhəmiyyətli məxfi məlumatları qarşı tərəfə ötürməkdə ittiham olunur. Bildirilir ki, Arakelyan bu məlumatları şəxsi əlaqələrinin təsiri altında, könüllü şəkildə təqdim edib.
Qeyd olunur ki, Aşxen Arakelyan Ermənistanın Avstriyadakı konsulu vəzifəsində çalışıb. O, 2025-ci ilin iyun ayında İrəvanın “Zvartnots” beynəlxalq hava limanında saxlanılıb. Lakin onun həbsi və cinayət işi ilə bağlı ictimaiyyətə məlumat yalnız iki ay sonra — avqust ayında açıqlanıb.
Hazırda iş üzrə toplanmış materiallar məhkəməyə təqdim olunub və Aşxen Arakelyanın dövlətə xəyanət maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması gözlənilir.
Xatırladaq ki, 2025-ci il iyunun 20-də Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) daxil olan məlumat əsasında İstintaq Komitəsinin Dövlət əleyhinə Cinayətlərə Dair İşlər üzrə İstintaq Baş İdarəsində cinayət işi açılıb. İstintaq Ermənistan Respublikası Konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətlə bağlı aparılıb.
Bu çərçivədə Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı olan Aşxen Arakelyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi və 424-cü maddəsinin 1-ci hissəsi üzrə – yəni xarici dövlətin nümayəndəsinə dövlət sirrini ehtiva edən məlumatlarla tanış olmaq imkanı yaratmaq və düşmənçilik fəaliyyəti həyata keçirməyə yardım göstərmək ittihamları ilə cinayət işi başlanıb.
İttihamlara görə, MTX müəyyən edib ki, Ermənistanın Avstriyanın paytaxtı Vyanadakı konsulu vəzifəsini icra edən Aşxen Arakelyan uzun müddət Azərbaycan xüsusi xidmət orqanlarının nəzarətində olub və onlarla əməkdaşlıq edib.
İstintaq məlumatlarına əsasən, Arakelyan bir müddət əvvəl Adəm adlı bir şəxslə tanış olub. Həmin şəxs özünü ABŞ-da anadan olmuş, hazırda Avstriyada yaşayan yəhudi əsilli iş adamı kimi təqdim edib və ingilis, eləcə də alman dillərində danışaraq konsulla əlaqə qurub.
Arakelyanın ilkin ifadəsində guya həmin şəxsin azərbaycanlı olduğunu bilmədiyi qeyd olunub. Lakin araşdırmalar nəticəsində məlum olub ki, Adəm əslində Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşıdır və onun vasitəsilə Arakelyan mühüm dövlət sirri sayılan məlumatları ötürüb.
İttihamlara əsasən, Arakelyan bu xidmətinə görə hər ay 3500 avro məbləğində nağd pul alıb. Hazırda iş üzrə bütün sübutlar toplanaraq məhkəməyə təqdim olunub və Aşxen Arakelyanı ciddi cəza gözləyir.
Elman