Niyə barelyef yox, qorelyef? - İZAH
Srağagün Türkiyənin İstanbul şəhərinin mərkəzi hissələrindən olan Sarıyer rayonunda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin qorelyefinin açılışı olub.
Bu haqda xəbəri Azərbaycanın bəzi KİV-ləri İstanbulda Bəxtiyar Vahabzadənin barelyefinin açılışı kimi təqdim edib.
Bəs barelyeflə qorelyefin fərqi nədədir?
Gəlin bu suala aydınlıq gətirək.
Öncə qeyd edək ki, relyef sənəti incəsənətin qədim növlərindən biridir. Min illər boyu insan əlləri daş, mərmər, metal və ağac üzərində həyatın, müharibələrin, dini ritualların, gündəlik səhnələrin izlərini oyub.
Bu sənətin iki əsas istiqaməti – barelyef və qorelyef bir-birinə oxşasa da, forması, texnikası və bədii ifadə gücü baxımından fərqlənir.
Barelyef fransız dilində “aşağı relyef” mənasını verir. Bu texnikada təsvir edilən fiqurlar səthdən cüzi dərəcədə irəli çıxır, sanki fonla birləşir, ara məsafəsi az olur. Bu texnikada dərinlik effekti əsasən işıq və kölgə oyunları vasitəsilə yaradılır.
Barelyeflərdən adətən memarlıq bəzəklərində, sikkələrdə, abidələrin üzərində və memorial lövhələrdə istifadə edilir. Onların səthi ilə fon arasında fərq az olduğuna görə relyef zərif görünür, divar və fasadlarda kompozisiyaya harmoniya qatır.
Qorelyef fransız dilində “yüksək relyef” deməkdir. Barelyefdən fərqli olaraq, qorelyefdə fiqurlar səthdən xeyli dərəcədə irəli çıxır. Burada fiqurlar demək olar ki, tam heykəl təsiri bağışlayır, fiqur heykəldə olduğu kimi səthdən ayrılır, dərin kölgələr salır, bu da təsvirə daha çox həcmlilik və dinamika verir.
Qorelyeflər daha çox monumental abidələrdə, memarlıq komplekslərində və bədii heykəltəraşlıqda tətbiq olunur.
Toğrul Əli