Gürcüstanda partiyalar qadağan ediləcək - Hakim partiya Konstitusiya Məhkəməsində iddia qaldırır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, hakim partiya yaxın günlərdə Konstitusiya Məhkəməsinə iddia verəcək.
İddia təkcə bir-iki partiyaya aid olmayacaq, “2012-ci ildən əvvəl qanlı rejimin nümayəndələri olmuş və həmin qanlı siyasi qüvvə ilə birlikdə 2012-ci ildən sonra ölkəyə qarşı davamlı sabotajlarda iştirak edən” bütün siyasi subyektləri əhatə edəcək. Baş nazir qeyd edib ki, iddianın tam siyahısı Konstitusiya Məhkəməsinə təqdim ediləndə ictimaiyyətə açıqlanacaq.
Kobaxidze əlavə edib ki, qanunvericilikdə texniki məsələlər aydınlaşdırılıb və əsas məqsəd Konstitusiya Məhkəməsinə düzgün iddia təqdim etməkdir. Bu addımın məqsədi Gürcüstanın demokratik sistemini bərpa etməkdir. Baş nazir vurğulayıb ki, hazırda hakim komandanın yeganə rəqibi “Kollektiv Milli Hərəkət” partiyası kimi cinayətkar siyasi qüvvədir və belə şəraitdə sağlam demokratik sistem mövcud ola bilməz. “Biz demokratik və siyasi sistemimizi bərpa etməliyik və məhz bu məqsədlə iddia bir neçə gün ərzində Konstitusiya Məhkəməsinə təqdim olunacaq”, — deyə Baş nazir bildirib./azpolitika