Rusiyada daha bir azərbaycanlı İŞ ADAMI SAXTA İTTİHAMLA HƏBS OLUNUB - Prokuror Karapetyanın QİSASI /FOTOLAR

Rusiyada daha bir azərbaycanlı iş adamı qondarma maddələrlə həbs olunub
Rusiyanın Smolensk vilayəti Milli Konqresinin rəhbəri, iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il həbs və 8,465 milyon rubl cərimə olunub.
Bu barədə TASS vilayət prokurorluğuna istinadən məlumat yayıb.
Prokurorluq bildirib ki, Smolensk şəhərinin Leninski Rayon Məhkəməsi Faiq Əliyevi Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi üzrə təqsirli bilib. Maddəyə görə, o, vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlərə və külli miqdarda qanunsuz hərəkətsizliyə görə rüşvət verib.
Məhkəmə açıqlamasında deyilib ki, Faiq Əliyev 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər hotel kompleksinin və ticarət mərkəzinin sahibi olaraq PJSC MRSK Central - Smolenskenergo-nun məmuruna 846 min rubl rüşvət verib.
Bundan əvvəl Smolensk vilayətinin prokuroru Aleksandr Spitsin TASS-a bildirib ki, regionda iri müəssisələrdən, hotellərdən, restoranlardan və yaşayış binalarından elektrik enerjisinin oğurlanmasını gizlətmək üçün 7 il ərzində enerji şirkətinin işçiləri sahibkarlardan rüşvət alıb. İlkin məlumata görə, rüşvətin ümumi məbləği 6 milyon rublu keçib. Faiq Əliyev də həmin korrupsiya sxemində təqsirləndirilən şəxs kimi cəlb olunub.
Prokurorluq bildirib ki, məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq, Faiq Əliyevi 4 il müddətinə azadlıqdan məhrum edib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək qərarına gəlinib.
Azərbaycanlı iş adamının müdafiə tərəfi hökmdən Smolensk vilayət məhkəməsinə şikayət vermək niyyətindədir. F.Əliyevin vəkillərindən başqa ictimai müdafiəçiləri də prosesə qoşulacaqlar. Onların arasında Smolensk vilayəti İctimai Palatasının Millətlərarası və Dinlərarası Münasibətlərin Uyğunlaşdırılması Komissiyasının sədri Yelena Ulyanenkova da var. O, smolnarod.ru-saytına açıqlamasında bildirib ki, Faiq Əliyevlə 28 il dövlət işlərində çalışıb və onu bir çox insanlara kömək edən vicdanlı və layiqli bir insan kimi tanıyır. Palata üzvü daha sona xatırladıb ki, 2014-cü ildə Faiq Əliyev qaçqınlara kömək edib. “Ehtiyacı olanlara təmənnasız yardımın minlərlə nümunəsi var."
“28 ictimai təşkilatın daxil olduğu Milli Konqresin üzvləri Faiq Zakiroviçə güzəşt olunmasını xahiş edirlər. Faiq Əliyev əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb edilməyib”-deyən Yelena Ulyanenkova bildirib ki, onun rəhbərlik etdiyi böyük kollektiv var, işçilərin çoxu İpoteka krediti ödəyirlər. Onların vəziyyəti yaxşı olmayacaq. O, pandemiya zamanı insanların işdən çıxmaması üçün komandasına kömək etməyə çalışaraq həyatındakı yeganə səhvini edib. Bəli, qanun pozulub, amma belə sərt cəzaya layiq deyil”.
Azərbaycanlı iş adamının yaxınları bu məsələdə Smolensk şəhər prokuroru olmuş erməni əsilli Sergey Karapetyanın rolunun böyük olduğunu bildirirlər.
Onların sözlərinə görə, Faiq Əliyev 2020-ci il Vətən Müharibəsində Azərbaycan Ordusuna, müharibədən sonra isə şəhid ailələrinə, müharibə veteranlarına yardımlar edib. Faiq Əliyevin bu yardımlarını təsdiqləyən video və foto faktlar var. Faiq Əliyevin azərbaycanlı olması, onun Smolensk vilayəti Milli Konqresinin rəhbəri işləməsi və nüfuzunun yüksək olması erməni prokuroru hər zaman narahat edib. Dəfələrlə azərbaycanlı iş adamına qarşı qərəzli olduğunu nümayiş etdirib, bir neçə dəfə qanunsuz yoxlamalar və inzibati həbslər həyata keçirib.
Sonuncu hadisəyə gəlincə isə, Azərbaycanlı iş adamının yaxınları əminliklə bildirirlər ki, bu iş quramadır. “Vaxtilə Faiq Əliyevin şirkətində çalışmış elektrikin kartına köçürülən pul rüşvət deyil, onun əmək haqqı olub. 2022-ci ildən etibarən o, maaşını bu formada alıb. İstintaq başqa səbəb tapmadığına görə, sonuncu variant kimi elektriki ələ alıb, Faiq Əliyevin üzünə durdurmağa gediblər”-deyən müdafiə tərəfi əlavə edib ki, istintaq “rüşvət verən” tərəfi cəzalandırdığı halda, rüşvət götürən tərəf sərbəst buraxılıb. O da qeyd olunur ki, həmin “elektrik” digər azərbaycanlıya qarşı eyni metodla “üzəduranlıq” edib.
Faiq Əliyevin yaxınları işin qərəzli olmasını digər bir faktla təsdiqləyirlər. Belə ki, “Smolenskavtoyol” konserninin keçmiş rəhbəri Andrey Zavodyanskiyə 3,9 milyon yüyinti etməsinə rəğmən şərti cəza verib, azadlığa buraxıblar.
Halbuki Faiq Əliyevə qarşı qaldırılmış saxta iddiada azərbaycanlı iş adamının cəmi 846 min rubl “rüşvət verməkdə” günahlandırıb, ona 4 il ciddi rejimli kolonda cəza çəkmək qərarı çıxarılıb.
Görünür, erməni prokurorun (6 aydır Smolensk prokurorluğundan başqa vilayətə keçirilib) ciddi israrı və Faiq Əliyevin azərbaycanlı vətənpərvər olması öz sözünü deyib.
Elə Ermənistan mətbuatının bu xəbərə xüsusi həssaslıqla və sevinc hissləri ilə yayması da təsadüfi deyil. Belə ki, bu xəbəri Ermənistanın news.am, armenianreport, golosarmenii, abcmedia.am, Хроника Кавказа, Rusiya ermənilərinin əsas xəbər ruporu olan “Rusarminfo” “youtube” kanalı və digər saytlar yayıblar.
Yekunda qeyd edək ki, Rusiyada nüfuzu olmayan bloknot.ru saytı tanınmayan, nüfuzu olmayan «Злой смолянин» adlı teleqram kanalına istinadən Faiq Əliyevin adından saxta məlumat yayıb. Məqalədə bildirilir ki, guya F.Əliyev TG-kanalın əməkdaşı ilə söhbətində “SSRİ-nin Azərbaycanı işğal etmədiyini” deyib. “Biz, F.Əliyevin yaxınları tam əminliklə bildiririk ki, Faiq Əliyevin adından yayılan bu məlumat tamamilə saxtadır və heç bir həqiqətə uyğun deyil. F.Əliyev nə belə bir TG kanala açıqlama verib, nə də bu ifadələri işlədib.”-deyə Diaspor təşkilatının rəhbərinin yaxınları bildiriblər.
Faiq Əliyev 27 may 1967-ci ildə Sabirabad rayonunda anadan olub.
Ali təhsillidir, SSRİ Dövlət Təchizat Komitəsinin Smolensk İqtisadiyyat Texnikumunu, Moskva Dövlət Texnoloji Akademiyasını, Moskva Hüquq və İdarəetmə Akademiyasını, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetini bitirib.
“Prestij” MMC-nin Baş direktoru olub.
"Smolensk vilayətinin Milli Konqresi" Regional İctimai Birliyinin İdarə Heyətinin sədri, Smolensk vilayəti İctimai Palatasının İnformasiya Siyasəti Komissiyasının və Millətlərarası və Dinlərarası Münasibətlərin Uyğunlaşdırılması Komissiyasının üzvü seçilib.
Ailəlidir, 3 övladı var.