"Qarabağ" bu dəfə İspaniya nəhənginə qarşı - Ağdam təmsilçisinin şansı nə qədərdir?
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” səfərdə İspaniyanın “Atletik Bilbao” klubunun qonağı olacaq.
Ağdam təmsilçisi artıq İspaniyaya yola düşüb. Azərbaycan çempionu üçün bu qarşılaşma həm qrupdakı vəziyyət, həm də ümumi turnir taleyi baxımından böyük əhəmiyyət daşıyır. Qurban Qurbanovun komandası ilk iki turda göstərdiyi mübariz oyunla rəqiblərinə asan təslim olmadığını göstərsə də, Bilbao səfəri bu mərhələnin ən çətin sınaqlarından biri hesab olunur.
Baş məşqçi Qurban Qurbanov səfər öncəsi verdiyi açıqlamada komandasının bu matça ciddi hazırlaşdığını bildirib. O, “Atletik”in oyun keyfiyyətini yüksək qiymətləndirib və matçın çətin keçəcəyini etiraf edib: “Üstünlük bəlkə də rəqib tərəfdədir. Həm öz meydanlarında oynayırlar, həm də bu matça çox ciddi hazırlaşacaqlar. 2 turdan sonra xalları yoxdur. Bu komandaya qarşı sona kimi dözməyə çalışacağıq. Rəqibin son matçlarına baxmışam. Oyunlarında dinamika yüksək olur, sürətli hücumlara çıxırlar. “Atletik” rəqib cərimə meydançasına topla ən tez gedən komandalardan biridir. Həm bizim üçün, həm də onlar üçün vacib qarşılaşmadır. Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq.”
İspaniya mətbuatının yazdığına görə, “Atletik Bilbao” bu oyun öncəsi ciddi heyət problemləri ilə üzləşib. “Marca”nın məlumatına əsasən, hücum xəttinin üç aparıcı üzvü – Aleks Berenger, Oyan Sanset və İnyaki Uilyamsın zədə səbəbindən bu matçda forma geyinib-geyinməyəcəyi sual altındadır.
Bu zədələr “Atletik”in hücum potensialına təsir edə bilər. Komanda adətən sürətli oyun üslubuna üstünlük verir, lakin əsas hücumçuların yoxluğu ritm və dinamikanı azalda bilər. Bu isə “Qarabağ” üçün müəyyən üstünlük yarada bilər. Qurban Qurbanovun komandası əks-hücumlarda çevikliyi ilə seçilir və rəqibin müdafiə boşluqlarından istifadə etməyə çalışacaq. Bu üslubla Azərbaycan çempionu artıq bir neçə mövsümdür Avropa nəhənglərinə qarşı inamlı çıxışlar sərgiləyib və əvvəlki turlarda "Benfika", "Kopenhagen" kimi klubları məğlub etməyi bacarıb.
Buna baxmayaraq, “Atletik Bilbao” ev oyunlarında həmişə təhlükəli olub. “San Mames” stadionunun atmosferi və azarkeş dəstəyi komandanı əlavə motivasiya ilə oynamağa sövq edir. Hər halda Qurbanov da bunu yaxşı bilir və oyun planını buna uyğun qurub. “Qarabağ”ın əsas məqsədi ilk növbədə hesabda bərabərliyi qorumaq, daha sonra isə hücum üçün məqam tapmaq olacaq.
Ümumilikdə, “Atletik Bilbao” bu qarşılaşmada favorit sayılır. Komandanın heyət dəyəri təxminən 369 milyon avrodur, “Qarabağ”ın isə 28 milyon civarındadır. Qeyd olunduğu kimi, oyun öncəsi “Atletik Bilbao” aşkar favorit sayılır. Mərc saytlarında onların qələbə ehtimalı təxminən 70 faiz, “Qarabağ”ın isə 30 faiz olaraq qiymətləndirilir. Lakin “Qarabağ”ın müdafiədə soyuqqanlı oynaması və əks-hücumlarda effektiv çıxış etməsi halında növbəti bir sensasiya da mümkündür. Bukmekerlərə görə oyun “Atletik Bilbao” 2 – 0 “Qarabağ” və ya 1 - 1 hesabı ilə yekunlaşacaq.
Qeyd edək ki, “San Mames”də keçiriləcək “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.