Tramp: HƏMAS-a qarşı tədbirlər görüləcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər HƏMAS "mümkün qədər tez" İsrailə həlak olmuş girovların cəsədlərini qaytarmasa, ona qarşı tədbirlər görüləcək.
Bu barədə Amerika liderinin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
"HƏMAS mümkün qədər tez həlak olmuş girovların, o cümlədən iki amerikalının cəsədlərini qaytarmalı olacaq, əks halda, bu böyük sülh prosesində iştirak edən digər ölkələr tədbirlər görəcək", - deyə Tramp yazıb.
O həmçinin əlavə edib ki, qarşıdakı 48 saat ərzində HƏMAS-ın fəaliyyətini "çox diqqətlə izləyəcək".
"Asharq al-Awsat" qəzeti oktyabrın 17-də mənbələrə istinadla yazıb ki, Qəzza ərazisində qalan girov cəsədlərinin tapılması üçün HƏMAS tərəfindən "genişmiqyaslı axtarış əməliyyatı" aparılmalıdır. Nəşrin həmsöhbirlərinin bildirdiyinə görə, axtarış prosesi çətinləşib, çünki cəsədlərin basdırıldığı yerlər barədə məlumata malik olan HƏMAS tərəfdarları hərbi əməliyyatlar nəticəsində həlak olublar. Bundan əlavə, cəsədlərin basdırıldığı ehtimal edilən bəzi anklav əraziləri İsrail ordusu tərəfindən tamamilə dağıdılıb.
Press-fakt




















