Azərbaycanlılar Montoneqroya niyə gedir? - SƏBƏBLƏR
Keçmiş Yuqoslaviya federasiyasının subyekti olmuş Monteneqro Avropanın ən gənc dövlətlərindən biridir. Bu il müstəqilliyinin 10 ilini qeyd edən, 13812 kv. km ərazisi və 650 min nəfər əhalisi olan ölkə köhnə qitənin ən cəlbedici turizm məkanlarından sayılır.
Press-fakt xəbər verir ki, son illər yüzlərlə Azərbaycan vətəndaşı iş və səyahət məqsədi ilə bu ölkəyə üz tutub. Hüquqi olaraq, Azərbaycan vətəndaşları Monteneqroya vizasız (90 günlük) səfər edə bilirlər. 2012-ci ildən etibarən Bakıdan Podqoritsaya birbaşa təyyarə reysləri təşkil olunur.
Son illər Montoneqro rəsmiləri ölkəyə çoxsayılı iş adamları və sahibkarları cəlb etmək üçün olduqca sadələşdirilmiş vergi və rüsum tarifləri tətbiq etməkdədir. Bu digər bir çox Balkan ölkələrində də müşahidə olunan tendensiyadır.
Monteneqro Azərbaycanın iş adamları üçün də cəlbedici ölkədir. Azərbaycanlı biznesmenlər bu ölkədə daha çox turizm, iaşə və xidmət sektoruna investisiya yatırır. Eyni zamanda çox sayda azərbaycanlılar müxtəlif sahələrdə çalışmaq üçün Montoneqroya üz tutur. Hazırda soydaşlarımızın bir çoxu burada xidmət, tikinti və kənd təsərrüfatı ilə bağlı işlərdə çalışır.
Paytaxt Podqoritsada Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi fəaliyyət göstərir. Bu şəhərdə “Bakı” adlı küçə də var.
Sosial şəbəkələrdə yazılanlara əsasən demək olar ki, Montoneqroda baş verən son hadisələr bu ölkədə yaşayan azərbaycanlıları ciddi narahat etməkdədir. Onların bir çoxu işini itirməkdən ehtiyat edir.





















