“Dərman idxalının həcmi kəskin azalır, qiymətlər isə artır”- “Səbəbləri araşdırılmalıdır”
İqtisadçı Toğrul Maşallı Azərbaycanda dərman bazarındakı vəziyyətlə bağlı maraqlı müşahidələrini bölüşüb.
O, son illərdə ölkəyə gətirilən dərmanların həcminin kəskin şəkildə azaldığını, qiymətlərin isə əksinə, artmaqda olduğunu bildirib.
Maşallı qeyd edib ki, sentyabrın əvvəlində həkim tanışlarından biri sosial şəbəkədə ölkədəki dərman qıtlığı ilə bağlı paylaşım edib. Onun sözlərinə görə, dərmanların əhəmiyyətli hissəsi “terapevtik və profilaktik məqsədlərlə istifadə üçün, dozalaşdırılmış dərman formaları şəklində pərakəndə satış üçün bağlamalarda qablaşdırılmış məhsullar” kimi idxal olunur.
İqtisadçı vurğulayıb ki, rəsmi statistikaya əsasən, bu ilin yanvar–avqust aylarında həmin mal qrupu üzrə ölkəyə 11,9 min ton məhsul gətirilib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 14 min ton, 2023-cü ilin müvafiq dövründə isə 19,6 min ton olub.
“Yəni əvvəlki illə müqayisədə idxal həcmi 30%, sonrakı ildə isə 15% azalıb,” - deyə Maşallı bildirib. O əlavə edib ki, idxal həcmi azalmasına baxmayaraq, dərman məhsullarının orta qiyməti 15% artıb.
“Nəticə etibarilə, ümumi dəyər baxımından azalma cəmi 2% təşkil edir,” – iqtisadçı vurğulayıb.
Toğrul Maşallının sözlərinə görə, bu dinamika dərman bazarında həm qıtlığın, həm də qiymət artımının struktur səbəblərini araşdırmağın vacibliyini göstərir.
Press-fakt






















