“ŞƏXSİ AMBİSİYALARININ TƏSİRİ İLƏ YOLUNU AZIR...”- Eldar Əzizov da Ramiz Mehdiyevi “vurdu”
“Dövlət qulluqçularının əksəriyyəti üzərinə düşən vəzifəni vicdanla yerinə yetirir, lakin etik prinsiplərin pozulması və səlahiyyətdən sui-istifadə halları baş verir, bu, yolverilməzdir”.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qış mövsümünə hazırlıq və Prezidentin tapşırıqlarının icrası ilə bağlı müşavirədəki çıxışında bildirib. “Bəzən görürük ki, məsul vəzifə daşıyan bəzi şəxslər şəxsi ambisiyalarının təsiri ilə yolunu azır və dövlətə qarşı qəbuledilməz hərəkətlərə yol verirlər. Hər kəs bilməlidir ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dövləti vahid və güclü bir subyektə çevrilib və artıq məsuliyyətsiz rəhbərlikdən təmizlənmək gücündədir. Bunu biz real həyatda da görürük. Dövlət məmurları unutmamalıdır ki, onların fəaliyyətinin əsas meyarı məsuliyyət və dövlət başçısının kursuna sadiqlikdir”, - icra başçısı vurğulayıb.
Eldar Əzizov əlavə edib ki, hər bir məmur cəmiyyət qarşısında məsuliyyətini dərk etməli, vətəndaşların maraqlarına xidmət etməli, təvazökar, dürüstlük və peşəsinə sədaqət nümayiş etdirməlidir.
Eldar Əzizovun bu fikirlərini həm də Ramiz Mehdiyev qalmaqalına dolayı münasibət kimi də qiymətləndirmək olar. İcra başçısının “məsul vəzifə daşıyan bəzi şəxslər şəxsi ambisiyalarının təsiri ilə yolunu azır və dövlətə qarşı qəbuledilməz hərəkətlərə yol verirlər”, cümləsini AMEA-nın keçmiş prezidentinə ünvanladığı aydın görünür. Maraqlıdır ki, E.Əzizov Ramiz Mehdiyevin adını dlinə gətirmək istəməyib. Baxmayaraq ki, Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri olduğu dövrdə paytaxtın icra başçısı ilə yola getməyib, onun fəaliyyətinə maneələr yaratmağa çalışıb.
Rasim Əliyev
 
	 
	 
	





















 
							 
							 
							 
							 
							