“RUSİYA İLƏ MÜHARİBƏ QAÇILMAZDIR”- “Biz artıq “sıfır fazası”ndayıq”
NATO hərbçiləri və rəsmiləri getdikcə Rusiya ilə müharibənin qaçılmaz olduğuna daha çox əmin olurlar.
Bu barədə “Welt” nəşri NATO-dakı mənbələrə istinadla yazıb.
Qəzet qeyd edir ki, NATO daxilində ciddi narahatlıq var. Ekspertlər bildirir ki, Ukraynadakı müharibə bitdikdən sonra Rusiyanın NATO ölkələrindən birinə hücum riski xeyli artacaq.
"Ukraynadakı müharibənin nə qədər davam edəcəyini heç kim bilmir. Lakin NATO ərazisinə, xüsusən də Baltikyanı ölkələrə hücum riski Ukraynadakı müharibə bitdikdən sonra çox böyük olacaq. Biz artıq “sıfır fazası”ndayıq", - deyə yüksək vəzifəli NATO generalı nəşrə bildirib.
Alyans həmçinin bəzi Rusiya hərbi dairələrinin yenidən təşkilindən narahatdır. Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin “Welt” qəzetinə verdiyi müsahibədə deyib ki, bu islahat NATO ölkələrinin sərhədlərində Rusiya qoşunlarının mövcudluğunun artmasına səbəb olacaq: "Bu bölmələrin bir-iki həftəlik döyüş təlimindən sonra Ukraynaya tez bir zamanda yollandığını görürük. Amma gec-tez onlar geri qayıdacaqlar".
Qəzet yazır ki, NATO üçün düşmən qoşunlarının sərhəd yaxınlığında yerləşdirilməsi çətinlik yaradır. Rusiya silahlı qüvvələri böhran vəziyyətində sürətli hücuma keçə və müdafiə alyansının buna reaksiya vermək üçün vaxtı çox az ola bilər. Buna görə də, NATO Rusiya hücumunun qarşısını almaq üçün intensiv şəkildə hazırlaşır və gizli müdafiə planlarının həyata keçirilməsi üzərində iş artıq başlayıb.
Nəşrin məlumatına görə, Müttəfiq Qüvvələrin Avropa üzrə Ali Komandanı Kristofer T. Donahyu doqquz gün əvvəl Brüsseldə 32 NATO üzv dövlətinin hərbi nümayəndələrinə 4400 səhifəlik hərtərəfli müdafiə konsepsiyasını ("Şərq Cəbhəsinin Qarşısının Alınması Konsepsiyası") təqdim edib.
Nəşr qeyd edir ki, "Donahyunun konsepsiyasında dronlar və digər silahlar, NATO-nun şərq sərhədi boyunca daha çox və daha ağır silahların yerləşdirilməsi, məlumat mübadiləsi üçün silahlı qüvvələr arasında şəbəkələşmənin yaxşılaşdırılması əsas rol oynayır".
Qeyd edək ki, bundan az öncə Belçika Müdafiə naziri Rusiyaya NATO adından sərt xəbərdarlıq etmişdi. O deyib ki, Rusiya NATO-nun Brüssel kimi paytaxtlarının birinə qarşı hətta nüvə silahı olmayan bir hücum etsə belə, NATO "Moskvanı yer üzündən siləcək”.
Daha əvvəl isə NATO-nun Baş katibi Mark Rutte Putinin Ukraynaya qarşı müharibədə pulunun, əsgərinin və ideyalarının tükəndiyini bəyan etmişdi. O, əlavə edib ki, Putin Ukraynadakı döyüş meydanında az şeyə nail olur və kiçik irəliləyişlər çox böyük itkilər hesabına başa gəlir.
C.Məmmədli






















Ukraynada müharibə hələ uzun sürəcək -
