“ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro

Venesuela Prezidenti Nikolas Maduro bəyan edib ki, ABŞ onun ölkəsini zəngin təbii sərvətləri səbəbindən hədəfə alır və bütün hücumların məqsədi rejim dəyişikliyinə nail olmaqdır.
Paytaxt Karakasda keçirilən tədbirdə çıxış edən Maduro bildirib ki, ABŞ-nin Karib hövzəsində artan hərbi fəallığının arxasında Venesuelanın təbii sərvətləri dayanır:“Dünyanın ən böyük neft ehtiyatlarına sahib olduğumuz üçün bizi hədəfə alırlar. Əgər Venesuela geniş kənd təsərrüfatı torpaqlarına, strateji mövqeyə, nəhəng neft və qaz ehtiyatlarına malik olmasaydı, adımız belə çəkilməzdi".
Maduro iddia edib ki, ABŞ beynəlxalq media vasitəsilə Venesuela əleyhinə təbliğat aparır:“Venesuelaya qarşı müharibəni legitimləşdirmək üçün saxta bir narrativ qururlar. Rejimi dəyişmək və ölkəmizin təbii sərvətlərini ələ keçirmək planları qururlar. Halbuki biz günahsızıq. Bütün bu hücumlar birbaşa rejim dəyişikliyinə yönəlib. Tariximiz və xalqımızın şərəfi naminə geri addım atmayacağıq".
Prezident vurğulayıb ki, Venesuela xalqı sülh içində yaşamaq və problemlərini müstəqillik və suverenlik çərçivəsində həll etmək istəyir.
Press-fakt




















