BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirdi ki, dünyada hər 10 jurnalist qətlindən təxminən 9-u hələ də açılmamış qalır, Qəzza bu günə qədər bütün münaqişələrdə jurnalistlər üçün ən ölümcül yerdir.
Press-fakt xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat brifinqində çıxış edib.
Noyabrın 2-nin Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Beynəlxalq Günü kimi qeyd olunacağına görə, Düjarrik ictimaiyyətə jurnalistlərin dünya miqyasında, xüsusilə də Qəzza zolağında üzləşdiyi təhlükələri xatırladıb.
"Demək olar ki, on jurnalist qətlindən doqquzu hələ də açılmamış qalır. Qəzza indiyədək bütün münaqişələrdə jurnalistlər üçün ən ölümcül yer olub", - Düjarrik bildirib.
Baş katib Antonio Quterreşin jurnalistlərin qətli ilə bağlı “müstəqil və qərəzsiz” istintaqa çağırdığını qeyd edən Düjarrik, cəzasızlığın mətbuat azadlığına hücum və demokratiyanın özünə təhlükə olduğunu vurğuladı.
İsrail Qəzzaya iki ildir davam edən hücumunda 250-dən çox jurnalisti qətlə yetirməkdə günahlandırılır.





















