Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
Ukrayna Pokrovsk rayonu istiqamətində vəziyyəti sabitləşdirmək məqsədilə bu həftənin əvvəlində Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) xüsusi təyinatlı dəstəsini döyüş bölgəsinə göndərib.
Bu barədə “Reuters” agentliyi iki ukraynalı hərbi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin yazdığına görə, xüsusi təyinatlıların göndərilməsi Rusiyanın Pokrovsk yaxınlığında Ukrayna qüvvələrini mühasirəyə alması barədə açıqlamasından sonra baş verib.
Pokrovsk - Donetsk vilayətinin şərqində mühüm avtomobil və dəmir yolu qovşağıdır. Şəhərin ələ keçirilməsi Rusiyaya Donetsk vilayətinin tam işğalı istiqamətində irəliləmək üçün strateji imkan yarada bilər. Rusiya ordusu bu istiqamətdə artıq bir ildən çoxdur irəliləməyə çalışır.
“Reuters”in məlumatına görə, xüsusi təyinatlılar bir neçə gün əvvəl “Black Hawk” vertolyotu ilə Pokrovsk yaxınlığında eniş ediblər. Əməliyyat Rusiya dronlarının aktiv fəaliyyəti səbəbindən çətin şəraitdə həyata keçirilib.
Mənbələrin bildirdiyinə görə, əməliyyata Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov şəxsən rəhbərlik edib. Agentliyin əldə etdiyi videoda ən azı 10 hərbçinin vertolyotdan sahəyə endiyi əks olunur. Bununla belə, “Reuters” kadrların çəkildiyi yer və tarixi müstəqil şəkildə təsdiqləyə bilməyib.
Rusiya Müdafiə Nazirliyi isə ukraynalı xüsusi təyinatlıların əməliyyatı ilə bağlı sorğuya cavab verməyib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Pokrovsk istiqamətində vəziyyətin “çətin” olduğunu bildirmişdi. Onun sözlərinə görə, həmin bölgədə təxminən 170 min rusiyalı hərbçi cəmləşib.
Press-fakt





















