Yaxın 15 ildə mayeləşdirilmiş təbii qaza qlobal tələbat 50% artacaq
Dünyada mayeləşdirilmiş təbii qaza (LNG) olan tələbat 2040-cı il üçün 50% artacaq, neftə olan gündəlik tələbat isə hələ də 100 mln. bareli üstələyəcək.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC neft şirkətinin rəhbəri Sultan bin Əhməd əl-Cabir bəyan edib.
“Bərpa olunan mənbələrdən enerji istehsalına olan ehtiyac iki dəfədən çox artacaq, mayeləşdirilmiş təbii qaza tələbat 50%, aviasiya yanacağına tələbat 30%-dən çox artacaq, neftə olan gündəlik tələbat isə hələ də 100 milyon bareldən çox olacaq,” – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, enerji resurslarına olan tələbatın artımı əhalinin urbanizasiyası və məlumat emalı mərkəzlərinin gücünün 2040-cı il üçün dörd dəfə artması ilə bağlı olacaq. Bundan əlavə, dünya üzrə aviaşirkətlərin təyyarə parkı iki dəfə artacaq – 25 mindən 50 minə qədər artım müşahidə olunacaq.





















