TRAMP ƏLƏKBƏROVUN “YOLUNU BAĞLADI”- “Gunvor Group” da geri çəkildi
"Prezident Donald Tramp müharibənin dərhal dayandırılmalı olduğunu açıq şəkildə bildirib. Müharibə bitənə qədər “Gunvor” heç vaxt fəaliyyət göstərmək və ya mənfəət əldə etmək üçün lisenziya almayacaq".
ABŞ Maliyyə Nazirliyinin X sosial media platformasında verdiyi açıqlamada belə deyilir.
Qeyd edək ki, İsveç qeydiyyatlı “Gunvor” şirkəti Vahid ƏIəkbərovun “Lukoil” şirkətinin xarici aktivlərini almaq təklifi ilə çıxış etmişdi. Lakin tezliklə bu şirkətin Kremllə əlaqələrinə dair məlumatlar yayıldı. ABŞ Maliyyə Nazirliyi hətta bu şirkəti "Kreml kuklası" adlandırıb. Nəticədə “Gunvor” “Lukoil”-in alışı ilə bağlı təklifini geri götürüb. Şirkət ABŞ sanksiyaları səbəbindən “Lukoil”-in xarici aktivlərini artıq almaq niyyətində olmadığını açıqlayıb.
Xatırladaq ki, oktyabrın sonlarında “Lukoil” xarici törəmə şirkətini neft treyderi “Gunvor Group” şirkətinə satmağa razı olduğunu bəyan edib. Bu, ABŞ-nin Rusiyanın iki ən böyük neft şirkəti olan “Lukoil” və “Rosneft”-ə qarşı sanksiyalar tətbiq etməsindən qısa müddət sonra ortaya çıxıb. Vaşinqton bunu Moskvanın Ukraynadakı müharibəni dayandırmaq istəməməsilə əlaqələndirib.
Qısa müddət sonra “Reuters” agentliyi “Gunvor” şirkətinin korporativ direktoru Seth Pietrasın açıqlamasını dərc edib.
O, ABŞ Maliyyə Nazirliyinin iddialarını "yalan və tamamilə dezinformasiyaya əsaslanan məumat" adlandırıb və bu "anlaşılmazlığın düzəldiləcəyinə" ümid etdiyini bildirib. Lakin eyni zamanda da əlavə edib: "Bu arada, “Gunvor” “Lukoil”-un beynəlxalq aktivləri üçün təklifini geri götürür."
Qeyd edək ki, “Lukoil”-in əsas biznesi Rusiyadadır, lakin şirkətin geniş beynəlxalq aktivləri də var.
Bu arada, “Lukoil”-in Xəzər yataqlarından Bakı limanına neft daşınmasını dayandırdığı və Novorossiysk vasitəsilə ixrac üçün Mahaçqala limanına xam neft daşımağa başladığı bildirilir.
C.Məmmədli






















