KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Bu rayonda birinci müavin işləyirdi /DOSYE

Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. O, digər sərəncamla Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Press-fakt xəbər verir ki, Prezident başqa bir sərəncamla Elşən Nazim oğlu Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Qeyd edək ki, Həsənli Elşən Nazim oğlu bu təyinata qədər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini işləyib.
O, 10 avqust 1986-cı ildə Yevlax şəhərində anadan olub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
2025-ci ilin aprel ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.




















