Yoluxma yenidən artır, amma baş nazir karantin elan etməyəcəyini deyir

Fransanın baş naziri Jan Kastex sentyabrın 11-də deyib ki, ölkədə koronavirusa yoluxmaların sıçrayışlı artımına baxmayaraq yeni karantin elan edilməyəcək. Reuters agentliyinin yazdığına görə baş nazir bildirib ki, bunun əvəzində daha az radikal tədbirlər görüləcək. Baş nazir qeyd edib ki, bu tədbirlərə test cavablarının sürətləndirilməsi də daxildir: “Bu virus hələ bir neçə ay bizimlə qalacaq və biz onun öhdəsindən ümumölkə karantininə girmədən gəlməyi bacarmalıyıq”.
Fransa hakimiyyət orqanları sentyabrın 11-də ölkədə koronavirusa 9843 yeni yoluxmanın qeydə alındığını bildirib. Bu bir gün əvvəl qeydə alınmış yoluxma sayından çoxdur. Fransa koronavirus pandemiyasının əvvəllərində, mart ayında sərt karantin tətbiq etmişdi. Bu karantinin köməyi ilə xəstəxanaların pasientlərlə ifrat dolmasının qarşısı alınmışdı. Lakin bu tədbirlər Fransa iqtisadiyyatına ciddi zərbə vurmuşdu.

Fransada ölkə boyunca karantin may ayının əvvəllərindən yumşaldılmışdı. O vaxtdan bəri xəstəxanada müalicəyə ehtiyacı olan koronaviruslu xəstələrin sayı artmaqdadır.Kastex Fransanın vəzifəli rəsmiləri ilə söhbətdən sonra deyib ki, yoluxma hallarının artması xüsusilə də Marsel, Bordo və Fransanın Karib hövzəsindəki ərazilərində narahatlıq doğurur. Baş nazir bildirib ki, sözü gedən bölgələrin rəhbərlərinə virusa yoluxmanın qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi tapşırılıb.
Reuters agentliyi yazır ki, Fransa hökuməti ümumölkə karantinindənsə, lokal karantinlərin tətbiqinə üstünlük verir. Koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünütəcriddə olan Kastex deyib ki, fransızlar epidemiyaya qarşı sayıqlığı bir qədər itiriblər.Baş nazir deyib ki, vətəndaşlar daha məsuliyyətli olmalı, maska taxmalı, sosial məsafə saxlamalı və fərdi gigiyenaya riayət etməlidirlər.

Böyük Britaniyada da yoluxma hallarının yenidən artması müşahidə olunur. Baş nazir Boris Conson bu həftə hökumətinin hər gün azı yarım milyon insan üzərində nəticələri dəqiqlər içincə bəlli olan COVID-19 testi keçirmək üçün iddialı bir proqram başlatacağını bildirib. Conson proqramın ilin sonuna qədər hazır olacağına və Britaniyanı normal həyata qaytaracağına, test nəticləri mənfi çıxaxları isə daha çox azadlıqlar təmin edəcəyinə ümid etdiyini deyib. Conson kütləvi test təşəbbüsü barədə məlumatı yeni, əksər sosial toplantılarda iştirak edənlərin sayının 30 nəfərdən 6 nəfərə qədər məhdudlaşdırılması barədə qərardan sonra verib.
Cons Hopkins Universiteti dünya boyu COVID-19-da 28 milyondan çox yoluxma, 900 mindən çox ölüm halının qeydə alındığını bildirib. ABŞ-da isə 6.4 milyon yoluxma, 191 mindən çox ölüm halı qeydə alınıb.
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: