Donald TRAMP: "İRANIN RAKET ZƏRBƏLƏRİNDƏN HEÇ BİR AMERİKALI ZƏRƏR GÖRMƏMİŞDİR"- "Sağ-salamat olmaq istəyirsinizsə, sakit olun"
"İRAN BİZƏ ATDIĞI RAKETLƏRİ BİZİM VERDİYİMİZ 150 MİLYARD DOLLAR YARDIMLA ƏLDƏ EDİB..."
ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə açıqlama verib.
İranın ABŞ-ın İraqdakı bazalarına raket zərbələrindən sonra dünyanın diqqətlə izlədiyi bu çıxışın bəzi məqamlarını nəzərinizə çatdırırıq.
"İranın raket zərbələrindən sonra heç bir amerikalı zərər görməmişdir. Sadəcə minimal dərəcədə bəzi hədəflər zərər görüb. Amerika müdafiə sistemi mükəmməldir və imkan verməyib ki, biz canlı qüvvələrimiz arasında itkilər verək" - Tramp deyib.
Donald Tramp özündən əvvəlki dövlət rəhbərlərinin İranın dağıdıcı hərəkətlərinə və davranışlarına göz yummasını qınayıb və bu münasibətin nəticədə “İranın terroru dəstəkləməkdə davam etməsinə imkan yaratdığını” vurğulayıb.
Qasim Süleymaninin öldürülməsinə toxunan ABŞ prezidenti öldürülən İran generalını "dünyanın bir nömrəli və ən acımasız terrorçusu" adlandıraraq onun aradan qaldırıldığını düzgün addım hesab edib. Və əlavə edib ki, bu çoxdan baş verməliydi. Fikrini onunla əsaslandırıb ki, o minlərlə insanın, o cümlədən ABŞ vətəndaşlarının və hərbçilərinin qətlini təşkil edən, öldürtdürən şəxsdir. Donald Tramp qeyd edib ki, bu generalın "ABŞ-a qarşı yeni terror planlarının olduğu məlum idi və onun aradan götürülməsi ən doğru qərar” idi.
Daha sonra o, İrana müraciətlə ”sağ-salamat olmaq istəyirsinizsə sakit olun” - deyib.
İrana daha sərt sanksiyalar tətbiq ediləcəyini vurğulayan ABŞ prezidenti onu da qeyd edib ki, "İran bizə atdığı raketləri bizim verdiyimiz 150 milyard dollar yardımla əldə edib. Bizim və müttəfiqlərimizin xeyirxah məqsədlərlə verdiyimiz pulları alandan sonra yenə "ABŞ-a ölüm" şüarlarını qışıqırıb".
"İran nüvə silahı yaratmaqdan əl çəkməlidir" - deyən Tramp, Çin və Rusiyanın da bunun fərqində olmalarını xüsusi qeyd edib.
Çıxışının sonunda "İrana dözmək mümkün deyil" deyib və İran xalqına üz tutaraq "Siz də böyük bir gələcəyə sahib ola bilərsiniz"- söyləyib.
ABŞ prezidenti təkcə onun rəhbər olduğu dövrdə orduya 2,5 trilyon dollar vəsait qoyulduğunu və çox güclü olduqlarını bəyan edib.
Globall.az
Oxunub: 498
Xəbəri paylaş
Paylaş: