Keçmiş prezidentin qızı məhkəmə qarşısına çıxarılır –
Dövlətə 2 milyard dollar zərər vurub
Özbəkistanda keçmiş prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni məhkəmə prosesi başlanıb.
Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Yanvarın 8-də başlanan məhkəmə prosesi qapalı keçirilir. Özbəkistanın baş prokurorluğu yanvarın 6-da Gülnarə Kərimovaya qarşı yeni cinayət işi ilə bağlı istintaqın artıq yekunlaşdırıldığını və işin məhkəməyə göndərildiyini bəyan eləmişdi.
Kərimova və daha bir neçə şəxs fırıldaqçılıqda, büdcə vəsaitlərini mənimsəməkdə və qanunsuz pulları xaricdə leqallaşdırmaqda ittiham olunurlar.
Daşkənd məhkəməsi 2015-ci ilin avqustunda Kərimovanı vergidən yayınma, dövlət vəsaitini mənimsəmə və fırıldaqçılıqda təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib. Bundan bir qədər sonra Kərimovaya qarşı korrupsiya ilə bağlı daha bir cinayət işi açılıb. 2017-ci ilin dekabrında, atasının vəfatından sonra o, 10 il azadlıqdan məhrum edilib. Özbəkistanın baş prokurorluğu iki cinayət işinə əsasən onun ümumilikdə dövlətə 2 milyard dollar ziyan vurduğunu deyir.
Gülnarə Kərimova ötən ilin martınadək ev dustaqlığında idi, amma dəfələrlə qayda pozuntusuna görə, məhkəmə onun ümumi rejimli kolona köçürülməsi barədə qərar çıxardı. Ötən ilin avqustunda isə ona qarşı yeni cinayət işi açıldı. Söhbət dövlətə 175 milyon dollarlıq ziyan vurmaqdan gedir.
ABŞ hakimiyyəti də onu pulyuma əməliyyatı və rüşvətxorluqda ittiham edir. Söhbət, 865 milyon dollardan gedir. Gülnarə Kərimovanın adı ABŞ maliyyə nazirliyinin sanksiyalar siyahısına salınıb.
/Azadliq.org/