Türkiyə Suriyanın şimalına aviazərbə endirib -
Son 17 ayda ilk dəfə
Türkiyə hərbi-hava qüvvələri martın 21-i gecəsi son 17 ayda ilk dəfə olaraq Suriyanın şimal zonasına - kürd üsyançı dəstələrinin əldə saxladığı əraziyə zərbələr endirib.
Bu barədə Londonda yerləşən «Suriya insan haqları observatoriyası» (SOHR) adlı qeyri-hökumət təşkilatının məlumatlarına əsasən, Frans-Press agentliyi xəbər verib.
«Türkiyə qırıcısı «Suriya demokratik qüvvələri»nin Sayda kəndindəki mövqelərinə (Ayn-İssa şəhərinin yaxınlığı) zərbə endirib» - londonlu müşahidəçinin xəbərində deyilir.
SOHR-nın qeyd etdiyi kimi, bu, Birləşmiş Ştatların dəstəklədiyi «Suriya demokratik qüvvələri» (SDQ) birləşmələrinə (tərkibində aparıcı rolu Ankaranın terrorçu elan etdiyi kürd «Xalq özünümüdafiə dəstələri» oynayır ) 2019-u ilin oktyabrından sonrakı müddət ərzində ilk hava hücumudur.
Suriya observatoriyasının məlumatına görə, hava zərbələri Ayn-İssa rayonunda SDQ ilə Türkiyə ordu qruplaşması və Suriya milli ordusu arasında qızğın toqquşmaların və intensiv raket atəşlərinin getdiyi fonda baş verib.
«İki tərəf arasında son 24 saatda ağır döyüşlər davam edir. SDQ türk tankını məhv edəndən sonra, Türkiyə ordusu hərəkət etməkdə çətinliklə üzləşib» - SOHR təsdiqləyir.
Burada xüsusi qeyd edilməlidir ki, ərazidə SDQ (kürd qiyamçı dəstələri - terrorçu PKK tör-töküntüləri) Türkiyə ordusuna qarşı döyüşür, Türkiyənin NATO üzrə müttəfiqləri (başda ABŞ olmaqla) kürd dəstələrinə hərbi-siyasi dəstək verir, NATO üzvü Fransanın prezidenti «NATO beyin ölümü keçirir» - deyir, ABŞ-ın dövlət katibi Blinken isə Türkiyəni «necə deyərlər, müttəfiq» adlandırır.