"Gürcüstan texnoloji cəbhədə Azərbaycana qarşı vuruşur"- Ekspert
Gürcüstan nümayəndə heyəti tam tərkibdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sesesiyasında Ermənistanın təşəbbüsü ilə gündəliyə salınan "hərbi əsirlərin" qaytarılması məsələsində Azərbaycanın əleyhinə səs verib.
Baxmayaraq ki, rəsmi Bakı bu məsələyə kifayət qədər izahat verib, saxlanılan şəxslərin hərbi əsir deyil, atəşkəsdən sonra Azərbaycan ordusunun mövqelərinə qarşı hücum təşkil etmiş terrorçu-diversantlar olduğunu bəyan edib.
Azərbaycanla strateji tərəfdaş olduğunu bəyan edən Gürcüstan rəhbərliyinin prinsipial məsələdə belə mövqe tutması Bakıda təəccüb və təəssüflə qarşılanıb. Amma Gürcüstanın Azərbaycana qarşı fəaliyyətləri bununla yekunlaşımır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, Gürcüstan həm də texnoloji cəbhədə Azərbaycana qarşı haqsız davranış sərgiləyir: "Azərbaycanın NEQSOL şirkəti “Rəqəmsal İpək Yolu” və onun bir hissəsi olan “Azerbaijan Digital Hub” proqramı çərçivəsində 2019-cu ildə Gürcüstanın “Caucasus Online” telekommunikasiya şirkətinin bütün səhmlərini qanuna uyğun olaraq alıb. “Caucasus Online” Qara dənizin dibi ilə 1200 km bir optik xəttə sahibdir.
80% interneti bu xət üzərindən olan Ermənistan və Gürcüstan bu magistral xəttin Azərbaycanın nəzarəti altına keçməsindən narahat olublar. Hansı ki, NEQSOL Holdinqin investisiyası əsasında yenidən qurulacaq regional internet magistralından adı çəkilən ölkələr də kifayət qədər bəhrələnəcəkdilər".
Ekspert əlavə edir ki, Gürcüstan hökuməti dərhal hərəkətə keçib, təcili Elektron Kommunikasiyalar haqqında qanunvericiliyə dəyişiklik edib: "Bu dəyişikliyə uyğun olaraq Gürcüstan hökumətinin nümayəndəsini artıq Azərbaycan şirkəti olan “Caucasus Online” -a qanunsuz olaraq administrator təyin edib. Hələlik məhkəmə bu administratorun fəaliyyətini dondurub.
Artıq 2 ildir ki NEQSOL Gürcüstan hökumətinin bu qanunsuz hərəkətinin qarşısını almaq üçün beynəlxalq məhkəmələrdə vuruşur".
O. Gündüzün sözlərinə görə, Azərbaycan üçün strateji, prinsipial məsələlərdə Gürcüstan starteji tərəfdaşlığa sığmayan davranışlar sərgiləyir.
"Ümid edirəm hökumətimiz bunların fərqindədir",-deyə ekspert vurğulayıb./azpolitika
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: